“Turan mənəvi birliyinin bütün türk boylarında özəkləri var. Həm müstəqil, həm də müstəqil olmayan, amma türklərin kompakt yaşadığı bəlli tarixi ərazilərdə dayaqlarımız var. Bu, mənim illər əvvəlki əlaqələrimdir. Düzdür, mənim kimi oradakı dostlarımız da yaşlanıb, çoxu dünyasını dəyişib. Hələ sovetlər vaxtından orada dostlarımız var və gücləri çatdığı qədər işləyirlər. Xahiş edirlər ki, tez-tez onlara tərəf gedim. Mən də imkan olanda gedirəm. Təbii ki, onların daxili işlərinə müdaxilə etmirəm. Sadəcə, çalışıram ki, Turan birliyinin bəşəri əhəmiyyətini, türk boyları üçün vacibliyini anladım. Əksəriyyəti də bunu qəbul edir. Bu baxımdan müxtəlif türk ölkələrində yaşayan dostlarımızla görüşmək, müzakirələr aparmaq əhəmiyyətli olur. Daha kiminsə işinə qarışmaq mənim prinsiplərimə ziddir”.

Bu fikirləri suallarımızı cavablandıran Turan mənəvi birliyinin rəhbəri, Azərbaycan Xalq Demokratik Partiyasının qurucusu Rafiq Turabxanoğlu dilə gətirib.

- Rafiq bəy, son aylar sanki fəaliyyətinizdə passivlik hiss edilir, mətbuatla təmaslarınız yoxdur. Hazırda hansı işlə məşğul olursunuz?
- Əsas işim Turan mənəvi dövlətinin qurulması uğrunda fəaliyyətdir. Yəni, mənə və mənim yaxından tanıdığım dostlarımın fikrinə görə, Turan mənəvi dövləti qurulmasa, Cənubi Azərbaycan və digər türk boylarının problemlərinin həlli mümkün deyil. Mənim sosial şəbəkədə Turan mənəvi dövləti deyilən səhifəm var və demək olar ki, bütün fikirlərimi, fəaliyyətimi orada təqdim edirəm. Düzdür, bizim bu ideya çətin qəbul edilir. Hazırda özfəaliyyət şəklində iş aparırıq. Əslində, qeyd edim ki, bu istiqamətdə çox işlər görülüb. Hətta deyərdim ki, qalan yeganə məsələ türk dövlətləri prezidentlərinin bu məsələyə reaksiya verməsidir. Oğuz boylarından olan müstəqil türk dövlətlərinin prezidentlərinə bizim müraciətlərimiz, məktublarımız da olur. Mənə deyirdilər ki, Turan mənəvi birliyinin rəhbərliyində kimlər təmsil olunur. Mən də bunların hamısını təqdim etdim. Əlbəttə, kimlərsə narazı olur. Ancaq bu adamlar mənə görə, türk dünyasının ən kamil və lazımlı şəxsləridir. Sizə qısaca deyim ki, fəaliyyətim əsasən bu istiqamətdədir.

- Ancaq siz bir zamanlar partiya sədri idiniz və hətta prezidentliyə namizəd də olmuşdunuz...
- Bəli, tamamilə haqlısınız. Mən Azərbaycan Xalq Demokratik Partiyasının sədri olmuşam. İndi bu partiya da fəaliyyətdədir. Bilirsiniz, mən çoxlarından fərqli olaraq həyatda gedən proseslərə real baxıram. Ona görə də, üzvlərimizdən və rəhbərlikdən xahiş etdim ki, hər bir şəxs ilk növbədə ailəsinin problemləri ilə məşğul olsun. Açığını deyim ki, indi güclü müxalifət istiqamətində ciddi meyil yoxdur, insanlarımız siyasətdən qaçırlar. Həm də, açığını deyim ki, bu istiqamətdə ciddi fəaliyyət göstərmək üçün vəsait də yoxdur. Baxın, indi parlamentdə olan deputatların çoxu vaxtı ilə xalq hərəkatında iştirak edən şəxslər olub, onlar da danışırlar, fikirlərini deyirlər. Bizim partiya da öz yerindədir, dayanıb və nə zaman bu istiqamətə maraq yaranarsa, Azərbaycan xalq Demokratik Partiyası da, xalqa öz xidmətini göstərməyə hazırdır.

- Parlament seçkilərinə rəsmi start verilib. Sizin parlament seçkilərinə qatılmaq və namizədliyinizi irəli sürmək niyyətiniz varmı?
- Yox. Mən iki dəfə parlament seçkilərində namizəd olaraq iştirak etmişəm. O zaman da müəyyən təkliflər irəli sürdüm. Lakin bu alınmadı. Bu gün namizədliyimi irəli sürmək niyyətində deyiləm. Üstəlik də, bizdə faktiki olaraq dövlətin hər bir strukturu var, müstəqil ölkəyik. Və ölkədə bütün proseslər müsbət istiqamətdə cərəyan edir. Mənim istədiyim nədir? Odur ki, hər şey yaxşı olsun, işlər getsin. Demokratiyada inkişaf etməlidir və edir. Özüm də çalışıram ki, Azərbaycan və Türkiyə türkcəsində fikirlərimi yayım. Sosial şəbəkələrdə, youtube-da bu fikirlərim yayılır. Əvvəl istəyirdim ki, parlament seçkilərinə qatılım. Çünki xalqların inkişafı üçün seçkilər vacibdir. Bu və ya digər istiqamətlərlə bağlı çoxlu sayda seçkilər keçirilməlidir ki, kütlə yetişsin, dünyanı dərk etsin. İkincisi, tez-tez toplantılar, iclaslar, kütləvi tədbirlər keçirilməlidir. Məqsəd kütlə stereotipinin dağıdılması olmalıdır. Təbii ki, bizim kimi adamlar şərqdə baş verən proseslərin, qanlı toqquşmaların, vətəndaş müharibəsinin ölkəmizdə baş verməsini heç zaman istəməz. Biz dövlətin inkişafına, kütlə psixologiyasında qurtulmağa çalışmalıyıq.

- Siz bir çox türk ölkələrinə səfərlər edirsiniz, səyahətlərə çıxırsınız. Buna səbəb nədir?
- Sizə deyim ki, Turan mənəvi birliyinin bütün türk boylarında özəkləri var. Həm müstəqil, həm də müstəqil olmayan, amma türklərin kompakt yaşadığı bəlli tarixi ərazilərdə dayaqlarımız var. Bu, mənim illər əvvəlki əlaqələrimin nəticəsidir. Bu işlə məşğuluq və hazırda proseslər gedir. Sosial şəbəkələrdə bu haqda informasiya yayıram. Düzdür, mənim kimi oradakı dostlarımız da yaşlanıb, çoxu dünyasını dəyişib. Hələ sovetlər vaxtından orada dostlarımız var və gücləri çatdığı qədər işləyirlər. Xahiş edirlər ki, tez-tez onlara tərəf gedim. Məndə imkan olanda gedirəm. Təbii ki, onların daxili işlərinə müdaxilə etmirəm. Sadəcə çalışıram ki, Turan birliyinin bəşəri əhəmiyyətini, türk boyları üçün vacibliyini anladım. Əksəriyyəti də, bunu qəbul edir. Bu baxımdan müxtəlif türk ölkələrində yaşayan dostlarımızla görüşmək, müzakirələr aparmaq əhəmiyyətli olur. Daha kiminsə işinə qarışmaq mənim prinsiplərimə ziddir.

- Uzun illər Türkiyədə yaşamısınız. Hazırda Türkiyədə baş verən hadisələri və prosesləri necə qiymətləndirirsiniz?
- Mənə görə, Türkiyədə seçkilərlə bağlı gərginlik yaşanır. Hər halda bu millətin kütlə durumundan çıxaraq demokratiyaya keçidinə xidmət edir. İndi orada bu proses gedir. Əlbəttə, PKK deyilən təşkilatında anti-Türkiyə addımlarını müşahidə edirik. Əslində, mən Türkiyədə olanda onlara izah etməyə çalışdım ki, 1991-ci ildə SSRİ deyilən dövlət dağıldı. Sovet hökuməti süqut etdi, odur ki, PKK oyununu da qurtarmaq lazımdır. O boyda sovetlər birliyini böyük qanlar axıtmadan demontaj etdilər. İndi PKK da ötən əsrin 50-ci illərində qurulub. Bu təşkilat əsasən sol təşkilat kimi təqdim olunur. Sovet təcrübəsi də, göstərir ki, bu ideologiya alınmır və onun perspektivi də yoxdur. Ancaq görünən budur ki, PKK uzun illərdir ki, kimlərəsə sərf edir. Nəticədə fağır camaat onlara qoşulur, bunlarda terror hadisələri törədir. 1918-ci ildə Azərbaycanda kommunizm qurmaq üçün böyük qırğınlar həyata keçirildi, nəhayət, 1920-ci ildə buna nail oldular. Ancaq zaman göstərdi ki, kommunizm insan psixologiyasına və düşüncəsinə uyğun gəlmir. Türkiyədə də buna bənzər proses gedir. Təbii ki, orada insan ölümü, günahsız mülki əhalinin terror nəticəsində qətli ürəyimizi ağrıdır. Görünən odur ki, proses gedəcək. Əslində, dünyada baş verən qarşıdurmaların böyük millətlərə haradasa xeyri də olur. Düzdür, bu fikrimi bəzi dostlar qəbul etmirlər. Ancaq hər halda bu kimi hallar türk millətinin bir millət kimi ayağa durmasına yardımçı olur. İndi Türkiyədə əl oyuncağı olan dövlətlərdən deyil, orada institutlar işləyir, düşünən beyinlər var. Əgər bir qərar verilirsə, buna müsbət baxmaq lazımdır. Təbii ki, verilən qərar kiminsə xoşuna gəlmir, kimsə buna etiraz edir, başqası bunu dəstəkləyir və s. Buna da normal yanaşmaq lazımdır. Hər halda Türkiyə güclü dövlətdir. Başqa bir məqam odur ki, 1990-cı ildən bu yana gedən bu proseslər həm də türk millətinin ayılmasına xidmət edir. Bunu inkar etmək olmaz. Eyni zamanda, Türkiyə mürəkkəb şəraitdədir, böyük ərazisi və xalqı var. Bizdə belədir ki, 10 milyonuq. Orada bu baxımdan vəziyyət fərqlidir. Odur ki, proses bəzən ağrılı, bəzən ağrısız keçir.
Əslində, bu kimi hallara görə, biz ideya olaraq irəli sürürük ki, Vatikan boyda ərazidə Turan mənəvi dövləti qurulsun. Orada milli və ortaq dəyərlər həll edilə bilər. Əlbəttə, bu mürəkkəb prosesdir, lakin həll edilməsi də vacibdir.

- PKK və İŞİD-in anti-Türkiyə fəaliyyəti qərb ölkələrinin ssenarisi deyilmi?
- Niyə də onların ssenarisi olmasın? 1918-ci ildə Osmanlını dağıtdılar və ərəbə dedilər ki, dövlətini qur. Onlar da gah sosializm, gah əmirlik qurdu. 70 ildir ortada heç nə yoxdur. İnkişafları da budur ki, ən böyüyü gedib adada adını yazdırır ki, kosmosdan baxanda adı görünsün. İndi qərb bununla nə etməlidir, ona layiq olan strukturu yaratmalıdır. Bu da İŞİD-dir. Bu mənada sizə təəccüblü olanlar mənə bir qədər də təbii gəlir. Biz çalışmalıyıq ki, bu kimi şeylər Azərbaycanda, türk dünyasında olmasın. İndi Türkiyə güclü dövlətdir. Kimlərsə də, bu dövləti zəiflətmək, dağıtmaq istəyə bilər. PKK məsələsi sovetlər dağılanda həll edilməli idi. PKK-nın əlində silah var, bəli. Amma Türkiyə ilə müqayisədə PKK-nın nə silahı ola bilər? PKK Türkiyə qarşısında müqavimət göstərə biləcəyi silahlara sahib deyil. Həqiqət ortaya qoyulmalıdır. Əgər, biri ailədə üzərinə düşən vəzifəni yerinə yetirməyəcəksə, təbii ki, sonda hamı onun üzünə duracaq. Türkiyə dövləti öz funksiyasını yerinə yetirməlidir. Heç türk soylarının çoxu dövlət ola bilmir. İndi başqaları, türk soylarından geridə qalanlar necə dövlət ola bilər? Bu baxımdan həqiqətə göz yummamalıyıq. Hətta həqiqəti deməsək də, Qərb bilməlidir ki, bizim bütün bunlardan xəbərimiz var və indi imkanımız olmadığı üçün demirik. Daha özümüzü bu məsələlərdən bixəbər kimi aparmamalıyıq.

Nemət