"Cəmil Həsənlinin belə bir fikri ilə tanış deyiləm. Mənə elə gəlir ki, bunu imitasiya ilə əlaqələndirmək ədalətsizlikdir. O, hörmət etdiyim ziyalılardan biridir. Yeri gəlmişkən, Cəmil Həsənli 2005-ci ildə yuxarıda qeyd etdiyim 18 saylı Nərimanov-Nizami seçki dairəsindən rəqibim olub. Biz həmin dairədəki seçki prosesindən məlumatlıyıq. Həmin vaxt Cəmil Həsənli cəzaçəkmə müəssisəsi və hərbi hissələrin hesabına parlamentə düşə bilib. Bu, öz yerində. Ancaq bu gün bizim partiyanın və təmsil olunduğumuz blokun mövqeyi bəllidir. Bu mövqeyə həm də yol xəritəsi kimi baxmaq olar. Hesab edirik ki, qarşıdurma, hakimiyyət-müxalifət düşmənçiliyi dövlətə və xalqımıza fayda vermir. Odur ki, mövcud reallıqlar daxilində hakimiyyətlə dialoq nəticəsində normal münasibətlərin bərqərar olması sayəsində ölkəni irəli aparmaq mümkündür. Bu vəzifə həm də müxalifətin üzərinə düşür. Biz bu yolu seçmişik və haqlı olduğumuza inanırıq. Lakin düşmənçilik xəttinin müəllifləri, o cümlədən hörmətli ziyalı Cəmil Həsənlinin tutduğu mövqe müxalifəti neçə illərdir ki, məğlubiyyətə düçar edir".
Bu fikirləri bizimlə söhbətdə Vətəndaş və İnkişaf Partiyasının sədri, "Azadlıq-2015" seçki blokunun təsisçilərindən olan Əli Əliyev dilə gətirib.
- Əli bəy, partiyanız seçkilərdə iştirak edəcəkmi, neçə namizəd irəli sürməyi planlaşdırırsınız?
- Partiya olaraq seçkilərə "Azadlıq-2015" seçki bloku formatında gedəcəyik. Biz blok çərçivəsində 60-a qədər namizəd müəyyən etmişik. Onların otuza qədəri haqqında qəti qərar qəbul edilib. Blokun on dairə üzrə də namizəd sürmək şansı var. Seçkiyə təkbaşına getsəydik, 40-dan çox namizəd irəli sürmək niyyətində idik. Hazırda blokun müzakirəsinə 20-22 üzvümüzün namizədliyini təqdim etmişik. İndi namizədlərin razılaşdırılması üzərində iş aparılır. Çalışırıq ki, blokun namizədləri kifayət qədər ciddi şəxslər olsun. Çünki blok namizədlərlə təmsil olunduqca seçkilərdə ciddi siyasi qurum təəssüratı yarada bilər. Odur ki, biz bu məqama ciddi yanaşırıq. Hazırda namizədlərin seçki sənədlərinin hazırlığı üzərində işi aparılır. Bu həftənin üçüncü günü toplantı keçirəcəyik. Toplantıda namizədlərin müəyyən edilməsi, Mərkəzi Seçki Komissiyası ilə qurulacaq iş rejiminin mexanizmlərinin tənzimlənməsi işləri diqqətdə olacaq. Ehtimal edirik ki, bu həftə Prezident seçkilərlə bağlı sərəncam imzalayacaq. Hər halda sentyabrın əvvəllərində seçkilərə hazırlıq elan olunacaq. Məqsədimiz odur ki, bu vaxta qədər hazırlığımızı başa vuraq və seçki qrafikində yubanmaya yol verməyək, habelə seçkilərə qədər olan bütün mexanizmlər yerinə yetirilsin.
- Ancaq "Azadlıq-2015" seçki blokunu tərk etmək istəyən partiyalar da var. Biz konkret Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasını nəzərdə tuturuq...
- Mənə elə gəlir ki, Sülhəddin Əkbər və onun partiyası "Azadlıq-2015" seçki blokuna siyasi dəstəyini davam etdirəcək. Burada söhbət adını çəkdiyiniz partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı yaranan problemdən gedir. Blokun sədrlər şurasının sonuncu toplantısında Sülhəddin Əkbərin özü də iştirak edirdi. Onun özünün seçkilərə qatılıb-qatılmaması açıq qalır. Sülhəddin Əkbər seçkiyə qatılmaqdan açıq imtina etməyib. Onların narahatlığı partiyanın qeydiyyata alınıb-alınmaması ilə əlaqədardır. Odur ki, seçkilərdə partiya olaraq iştirak edib-etməmələri sual altındadır. Lakin həmin partiyanın nümayəndələrinin seçkilərə qatılması məsələsi açıqdır.
- Deyəsən, siz də hansı dairədən namizəd olacağınızı müəyyən edə bilməmisiniz...
- Konkret dairə haqda qərarım yoxdur. Bunu da izah etmişəm. Ancaq namizədliyimi Bakı şəhərindən irəli sürəcəyəm, çünki mərkəzi qərargahda olmağım zəruri xarakter daşıyır. Bu səbəbdən də paytaxtı tərk edə bilmirəm. Bakıda isə bir neçə dairə haqqında düşünürəm. O cümlədən də əvvəllər namizəd olduğum dairələr diqqət mərkəzindədir. 2005-ci ildə 18 saylı Nərimanov seçki dairəsindən, 2010-cu ildə isə Yasamal 15 saylı dairədən namizəd olmuşam. Hər iki seçki dairəsi tərəfimizdən işlənilib, xeyli əlaqələrimiz var, elektorat kütlə ilə işləmək, təbliğat aparmaq, qalib gəlmək üçün ciddi problem görmürük. Odur ki, bu dairələr bizim üçün çox münasib hesab oluna bilər. Bu dairələrdən əlavə olaraq Bakı üzrə daha iki dairədə iş gedir. Yəqin ki, yekun mənzərə ortaya çıxdıqdan sonra dairəmi müəyyən edəcəyəm.
- Yekun mənzərə deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Mənə həm Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı, həm də müxalifətin əsas güc mərkəzlərinin irəli sürəcəyi namizədlərin kimliyi maraqlıdır. Hakim partiyanın siyahısı ona görə vacibdir ki, hakimiyyət istənilən namizədini rəqabətdə parlamentə keçirmək gücünə malikdir. İkincisi, mən elektorat bazasının ciddi şəkildə dağılması və parçalanmasının tərəfdarı deyiləm. Çünki bizim söykənəcəyimiz və yeganə resursumuz narazı elektoratdır. Narazı elektoratın dairələr üzrə ciddi parçalanmasını arzu etmirəm. Ona görə də, bütün siyahıların ortaya çıxmasından sonra qərar verməyi daha məqbul hesab edirəm.
- 2010-cu ildə sizin əsas rəqibiniz İsa Qəmbər olub. Bu hal yenidən təkrarlana bilərmi?
- Bu, istisna deyil. Analoji hal yenidən baş verə bilər. Açığını deyim ki, İsa Qəmbərin hansı dairədən namizəd olacağını bilmirəm. Ancaq 2010-cu ildə seçkilərdən əvvəlki hadisələr, bu dairədən YAP-ın əsas namizədlərinin geri çəkilməsi bizim məhz buradan namizədliyimizi irəli sürməyə səbəb oldu. Bildiyiniz kimi, biz həmin seçkilərdə kifayət qədər ciddi işlədik, xalqla təmasda olduq və gözlədiyimizdən də artıq səs toplamağı bacardıq. Bizim üçün rəqibimizin kimliyi əsas deyil. Daha əsası düzgün seçki taktikası və onun üzərində seçimi fokuslaşdırmaqdır. Əks halda seçki uğuru haqda danışmaq çətinləşər.
- Nədən sizin təmsil olunduğunuz bloka qarşı kampaniya var? Milli Şura sədri sizin imitasiya ilə məşğul olduğunuzu deyib...
- Cəmil Həsənlinin belə bir fikri ilə tanış deyiləm. Mənə elə gəlir ki, bunu imitasiya ilə əlaqələndirmək ədalətsizlikdir. Cəmil Həsənli hörmət etdiyim ziyalılardan biridir. Yeri gəlmişkən, Cəmil Həsənli 2005-ci ildə yuxarıda qeyd etdiyim 18 saylı Nərimanov-Nizami seçki dairəsindən rəqibim olub. Biz həmin dairədəki seçki prosesindən məlumatlıyıq. Bu, öz yerində. Ancaq bu gün bizim həm partiya, həm də təmsil olunduğumuz blokun mövqeyi bəllidir. Bu mövqeyə həm də yol xəritəsi kimi baxmaq olar. Hesab edirik ki, qarşıdurma, hakimiyyət-müxalifət düşmənçiliyi dövlətə və xalqımıza fayda vermir. Odur ki, mövcud reallıqlar daxilində, hakimiyyətlə dialoq nəticəsində normal münasibətlərin bərqərar olması sayəsində ölkəni irəli aparmaq mümkündür. Bu vəzifə həm də müxalifətin üzərinə düşür. Bu yolu seçmişik və haqlı olduğumuza inanırıq. Lakin düşmənçilik xəttinin müəllifləri, o cümlədən hörmətli ziyalı Cəmil Həsənlinin tutduğu mövqe neçə illərdir ki, müxalifəti məğlubiyyətə düçar edir. Mənə elə gəlir ki, artıq bu ənənəni dəyişməyin zamanı çoxdan çatıb. Partiya və blok olaraq ölkədə siyasi açılımın tərəfdarıyıq. Hesab edirik ki, hakimiyyətlə problemləri danışıqlar vasitəsilə çözmək daha məqbuldur. Bunu alternativi olmayan yol hesab edirik.
- Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal da sizi hədəfə alıb...
- Səmimi deyim ki, mən bu adamı yaxından və ciddi olaraq tanımıram. Onu bir siyasətçi kimi qiymətləndirmir və fikirlərinə də ciddi yanaşmıram. Bu adam bizə qarşı ittihamlar irəli sürməkdə, guya bizim xalqı aldatdığımızı hesab etməkdə davam etsin. Bizim müttəfiqimiz Elşad Musayev onu bir müəllim kimi tanıyır. Və təəssüflər olsun ki, onun haqqında yüksək fikirdə də deyil. Mən bu haqda məlumatlıyam. Vidadi Mirkamal müəllim kimi də, vəzifəsini vicdanla yerinə yetirməyib. Əgər siz Elşad Musayevdən bu haqda soruşsanız, detallı məlumat ala bilərsiniz.
- "Azadlıq-2015" seçki blokunun Müsavat Partiyası və Milli Şura ilə seçkiöncəsi əməkdaşlığı hansı formatda qurula bilər?
- Biz blok olaraq hamıya açığıq. İqtidarla münasibətlərimiz və taktikamızı yuxarıda, qeyd etdim. Eyni zamanda biz seçkidə qalib olmaq üçün də vasitələr axtarırıq. Müxalifətin seçkiöncəsi şəraitdə və seçkilərdə fəaliyyətini koordinasiya etmək üçün taktikanı məqsədəuyğun hesab edirdik. Uzun müddətdir ki, bizim blok və onun ayrı-ayrı üzvləri tərəfindən mesajlar verilib. Təəssüflər olsun ki, bəzi siyasətçilər ötən əsrin eyforik vəziyyətindən çıxa bilməyib. Elə düşünürlər ki, indi də 1988-ci illərdir, bunlar da ölkə və dövlət üçün müstəsna əhəmiyyətə malik şəxslərdir, bunlarsız heç nə olmaz. Təəssüf ki, müxalifətin bəzi liderlərinin eqozmi ucbatından fəaliyyət koordinasiyası belə, mümkün olmadı. Halbuki fəaliyyətin koordinasiyası ən sadə əməkdaşlıq formatıdır. Fikrimcə, müxalifətin pərakəndə halda seçkilərə qatılması, bir-birindən xəbərsiz seçkiyə getməsi hakimiyyətin şanslarını yüksəldən amilə çevriləcək.
- Milli Şura boykot taktikasına üstünlük verəcəyini gizlətmir. Sizcə, bunun üstünlüyü ola bilərmi?
- Düşmənçilik siyasi xəttinin müəlliflərinin açıqlamalarını izləyirəm. Bir müddət həmin şəxslər Azərbaycanda iqtisadi tənəzzül arzu edirdilər. Həyat göstərir ki, kiminsə üzərində qurulan siyasətin axırı yoxdur. 13 ildir İlham Əliyev Azərbaycanı idarə edir, bir siyasətçi kimi hesab edirəm ki, İlham Əliyev hakim partiyanın layiqli təmsilçisidir. İndi də düşmənçilik xəttinin müəllifləri hesab edirlər ki, Azərbaycan siyasi dəyişikliyə o zaman çata bilər ki, neftin qiyməti fantastik aşağı düşsün, bundan sonra onlar hakimiyyətə gələ bilər. Bu, çox yanlış, səhv, uğursuz siyasi nəzəriyyədir. Müxalifət proseslərin içərisində olmalıdır. Bu cür özünütəcrid müxalifətin indiki durumunun səbəbidir. Biz məsələyə fərqli baxırıq. Fikrimizcə, müxalifət seçkiyə qatılmalıdır. Boykot taktikası nə dövlətə, nə cəmiyyətə, nə də siyasi partiyalara fayda verə bilməz. İllərlə bunun şahidi olmuşuq.