“Türkiyə bütün bu hadisələrə baxmayaraq dövlət kimi daha da güclənir. Xarici siyasətini böyük dövlətlərlə razılaşdıran Türkiyədən artıq əlamət yoxdur. AKP iqtidarı bu buzu sındırıb. Türkiyə öz xarici siyasətini yürüdür. Avropa Birliyi ilə ABŞ-ın Rusiyaya qarşı fərqli siyasət yürütdüyü indiki dövrdə Türkiyə tam fərqli yanaşmalar ortaya qoyur. Rusiya ilə əlaqələri genişləndirir, isti münasibət saxlayır. İkincisi, AKP dövründə Türkiyə istəyirdi ki, qonşu ölkələrdə yaşanan problemlərin həll edilməsində status əldə etsin, gücə çevrilsin. Türkiyə istəyirdi ki, ərəb ölkələrində liderlik etsin”.

Bunu Teleqraf.com-a müsahibəsində tarixçi-alim Rafiq İsmayıl bildirib. Müsahibəni təqdim edirik:

- Rafiq müəllim, Türkiyədə parlament seçkilərindən bu yana baş verən prosesləri necə şərh edərsiniz?
- Türkiyədə yeni hökumətin qurulması üçün prosesə start verilib. Bu sahədə müəyyən uğurlar və uğursuzluqlar müşahidə edilir. İndi hökuməti qurmaq üçün danışıqlar gedir, bu gün əsas məqamlar üzə çıxacaq. İkincisi, Türkiyə qonşu ölkələrdə baş verən proseslərə münasibətdə müşahidəçi qismindən çıxaraq birbaşa müdaxilə etmək mərhələsinə start verib. Suriyada İŞİD-in güclənməsi, İraqda PKK-nın fəallaşmasına qarşılıq olaraq ciddi addımlar atır, mağaraları bombardman edir. Suriya məsələsində müəyyən dövlətlərlə, xüsusilə, ABŞ-la fikir birliyi içindədir. Bu baxımdan yaxın zamanlarda Ankara ABŞ təyyarələrinin İncirlik bazasından istifadəsinə icazə verəcək, eləcə də, özü də İŞİD-ə qarşı hava əməliyyatlarına qoşulacaq. Bu işin maliyyələşməsi üçün lazım olan 300 milyon dolların ABŞ tərəfindən ödənilməsinə dair razılıq əldə edilib. Vaşinqton da son dövrlər Türkiyənin PKK və İŞİD qüvvələrinə qarşı tədbirlərini təqdir edir. Eyni zamanda, Türkiyənin özündə müəyyən qüvvələr, xüsusilə, HDP tərəfdarları PKK-nın hərəkətlərini pisləyir. Bildiyiniz kimi, son günlər polis idarələrinə, partiya qərargahlarına, bələdiyyələrə PKK tərəfindən hücumlar edilir, insanlar öldürülür. Bu da cəmiyyətdə ciddi etirazla qarşılanır. Artıq qadınlar da ayrıca olaraq buna qarşı aksiyalar təşkil edirlər. İndi Əhməd Davudoğlunun başında durduğu hökumət öz fəaliyyətini davam etdirir. Ehtimal ki, bu gün yeni hökumətin qurulması haqqında aparılan danışıqlar və əldə olunan razılıqla bağlı yeni məlumatlar olacaq.

- Son günlərə qədər PKK sakitliyini qoruyur, terror hadisələri törətmirdi. Niyə birdən-birə yenidən fəaliyyətə başladı, hər gün terror hadisələri həyata keçirir?
- PKK-nın liderləri Türkiyənin İŞİD-ə qarşı mübarizə aparmadığını, əksinə, bu quruma dəstək verdiyini iddia edirlər. Bəyan edirlər ki, Türkiyə İŞİD-i gizli şəkildə dəstəkləyir, müdafiə edir, silahlandırır. İkincisi, PKK Türkiyənin İŞİD-ə qarşı mübarizəyə başlamasını daha çox həmin bölgədə yaşayan kürdlərə qarşı təcavüz kimi təqdim edir. Əslində, söhbət ondan gedir ki, sərhəd boyunca PKK nümayəndələri bir kürd zolağı yaratmaq istəyirlər. Türkiyə isə bunun əvəzinə türk zolağı yaratmaq istəyini ortaya qoyur. Bu da PKK-çıların narazılığına səbəb olur. Onlar belə qiymətləndirirlər ki, türklərin buraya müdaxilə etməsi və ya girməsi İŞİD-i deyil, PKK-nı hədəfə alır. Daha geniş desək, onlar iddia edirlər ki, bu addımlar kürdlərin məhvinə səbəb olacaq, kürd dövlətinin yaranmasına imkan verməyəcək, kürdlər bu ərazidən geri çəkilməyə məcbur olacaq. Bu səbəbdən PKK son zamanlar fəaliyyətini daha da fəallaşdırıb, müəyyən terror hadisələri törədir, günahsız insanları qətlə yetirir.

- İŞİD niyə Türkiyədə terror hadisələri törədir? Ümumiyyətlə, bu terror qurumunun yaranması, fəaliyyəti nədən qaynaqlanır?
- İŞİD-lə bağlı mətbuatımızda gedən informasiyalar müəyyən qədər səriştəsiz düşüncənin məhsuludur. İŞİD haqqında dünya mediası da bir çox hallarda ziddiyyətli məlumatlar verir. İŞİD böyük bir problemdir və onun da kökü 1915-1916-cı illərə qədər gedib çıxır.

- Konkret nəyi nəzərdə tutursunuz?
- İndiki Orta Şərq bölgəsində olan dövlətlər Osmanlı imperiyasının tərkibində idi. Birinci Dünya müharibəsindən sonra bu torpaqların Böyük Britaniya və Fransa tərəfindən bölüşdürülməsinə dair plan hazırlanırdı. Başqa sözlə, keçmiş tarixi pakta çevrilən keçmiş inzibati-siyasi strukturların parçalanması, bu ərazilərin İngiltərə və Fransa tərəfindən bölüşdürülməsi zamanı ciddi xətalara yol verildi. Yəni o zaman Fələstin, Bağdad, Mosul və s. vardı. Beləcə, bölgü baş verdi, süni surətdə səhrada İordaniya Krallığı yarandı, Fələstində yəhudi dövlətinin formalaşması ideyası ortaya çıxdı. Eləcə də, İraqda həmin vaxt Haşimilər krallığı mövcud idi. Haşimilərə deyilmişdi ki, I Dünya müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı arxadan hücum təşkil edərlərsə, müharibə bitdikdən sonra indiki ərəb ölkələri birləşdiriləcək, vahid dövlət yaradılacaq və Haşimilər də hakimiyyətə gətiriləcək. Ancaq müharibənin gedişində indiki Səudiyyə Krallığının banisi ibn Səudlə əlaqələr yaradıldı, ona vəd verildi ki, bölgədə öz hakimiyyətini qoruya, gücləndirə bilər, yəni krallığını yarada bilər. İngilislər ibn Səudu maliyyələşdirdi, o isə Məkkə və Mədinə şəhərləriinin yerləşdiyi əyaləti işğal etdi. Beləcə, Haşimiləri bu ərazilərdən uzaqlaşdırdı. Nəticədə onlar arasında müharibə və ziddiyyətlər yaradıldı. Bununla da burada mövcud olan iqtisadi, siyasi və inzibati strukturlar dağıdıldı.

- Yəni İŞİD müharibədən öncəki ərazilərin davasını aparır...
- Bəli, indi İraq Şam İslam Dövləti deyiləndə həmin 1918-ci ildən əvvəl mövcud olan ərazilər nəzərdə tutulur. Yəni Şam şəhəri, İraqın müəyyən hissəsi, Fələstin və s. Burada vahid hakimiyyət altında birləşmə, bir ərəb dövlətinin yaradılması nəzərdə tutulur. İndi bu plan nə dərəcədə doğrudur və ya yalandır, bir söz deyə bilmərəm. Ancaq fakt odur ki, onların liderləri və ayrı-ayrı şəxslər məhz bu haqda fikirlər söyləyirlər. Həm də gördüyünüz kimi, İŞİD qüvvələrini məğlub etmək olmur. Onların gücü, silahı haradandır? Üstəlik İŞİD-ə insanlar haradan gəlib qoşulur? Təbii ki, İŞİD-i tənqid edən dövlətlərdən. Dünyanın elə bir müsəlman ölkəsi yoxdur ki, onun vətəndaşı İŞİD-in silahlı qüvvələrində təmsil olunmasın. Bax, bu çox maraqlı məqamdır. İŞİD böyük qüvvədir, necə yaranıb, nə istəyir kimi məsələlər bəllidir. Amma dünya bunun qarşısında acizlik göstərir. Bu mənada Türkiyənin hansı məqsəd güdməsi, Suriya ilə sərhəddə türk zolağı yaratdıqdan sonra İŞİD-in fəaliyyətinin necə olacağına dair heç kim bir söz deyə bilməz. Çünki bu məsələ çox müəmmalı, ziddiyyətlidir.

- İŞİD-in yaratdığı od çəlləyi sakitləşəcəkmi?
- Dünyada elə bir proses yoxdur ki, onun sonu olmasın. Ən azı ötən əsrdə iki böyük dünya müharibəsi olub. Onun sonu da, nəticəsi də bizə bəllidir. Təbiidir ki, Yaxın Şərqdə olan alovlar söndürüləcək. Sadəcə, bunun zamana ehtiyacı var. Hətta bu gün görürsünüz ki, İraqın özündə islahatlar həyata keçirilir, bəzi radikal şiə təriqətinə məxsus insanlar hakimiyyətdən alınır. Eləcə də, İraqla-Türkiyə münasibətləri az qala düşmən formada idi, indi əlaqələrdə bir qədər istiləşmə hiss olunur. Odur ki, Yaxın Şərqdə bu problem həll ediləcək. Ancaq bu proses İŞİD və digər qurumların istədiyi şəkildə olacaq, yoxsa başqalarının istədiyi formada? Bunu deyə bilmərik. Hər halda qarşılıqlı anlaşma əldə ediləcək. Ancaq sərhədlərin dəyişdirilməsi istiqamətində müəyyən hallar müşahidə ediləcək.

- Bəs, Türkiyədə vəziyyət stabilləşəcəkmi?
- Türkiyə bütün bu hadisələrə baxmayaraq dövlət kimi daha da güclənir. Xarici siyasətini böyük dövlətlərlə razılaşdıran Türkiyədən artıq əlamət yoxdur. AKP iqtidarı bu buzu sındırıb. Türkiyə öz xarici siyasətini yürüdür. Avropa Birliyi ilə ABŞ-ın Rusiyaya qarşı fərqli siyasət yürütdüyü indiki dövrdə Türkiyə tam fərqli yanaşmalar ortaya qoyur. Rusiya ilə əlaqələri genişləndirir, isti münasibət saxlayır. İkincisi, AKP dövründə Türkiyə istəyirdi ki, qonşu ölkələrdə yaşanan problemlərin həll edilməsində status əldə etsin, gücə çevrilsin. Türkiyə istəyirdi ki, ərəb ölkələrində liderlik etsin. Əslində, ərəblərlə türklər dost olsa da, ərəblərdə milli şüurun meydana gəlməsi və Avropanın ərəbləri türklərə qarşı qaldırması zəminində bir anti-türk ovqatı var. Odur ki, türklərlə-ərəblər arasında nə qədər dostluq əlaqələri olsa da, ərəblər deyirlər ki, türklər ölkəmizi tutublar, bizi istismar ediblər. Təbii ki, onlar 1514-cü ildən sonra ərəb ölkələrinin Osmanlı İmperiyasının tərkibində olmasını nəzərdə tuturlar. Lakin avropalılardan fərqli olaraq türklər tutduğu ölkələrdə müstəmləkə siyasəti yürütmür, xalqlara qarşı ayrı-seçkilik etmirdi. Türklər ingilislər və fransızlar kimi imperialist olmayıb. Ancaq faktdır ki, ərəblər Osmanlının himayəsi altında olub. İndi ərəblər bu faktı düşmənçilik həddinə gətiriblər. Türkiyə dünyanın müxtəlif ölkələri ilə əlaqələr saxlayır. Türk qaçqınları ərəb ölkələrindən başqa bütün ölkələrə gedir. Niyə? Çünki türk heç zaman ərəbin rəhbərliyi altında yaşamaq haqda düşünmür. Almaniyada gedib kafe təmizləyir, lakin bir ərəb ölkəsində mühəndis kimi işləmək istəmirlər. Türklər ilk dəfə Liviyada tikinti şirkəti yaradaraq fəaliyyətə başlayıblar. Sözümün mənası odur ki, ərəblərin türklərin hərəkətlərinə qarşı əks reaksiyası bir çox hallarda yaranır. Konkret olaraq Misirlə Türkiyə arasında olan münasibətlər kifayət qədər ziddiyyətlidir. Ərdoğan Mursini tanıyır, Sisi də Ərdoğanın mövqeyini rədd edir. Nəzərə alın ki, bütün ziddiyyətləri kəskinləşdirən faktorlar tarixi psixoloji fəlsəfi düşüncə tərzi olur. Ancaq hər halda Türkiyə qədim, ənənəsi olan bir dövlətdir və hesab edirəm ki, yaxın gələcəkdə Türkiyədə stabillik yaranacaq.

Nemət