Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan olunub.

İslam Yusifov dostu İlham Abbasovla birlikdə zərərçəkmiş Rəfael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, onun pulunu ələ keçiriblər. İslam Yusifov ifadəsində makler işi görmədiyini və alqı-satqı ilə məşğul olmadığı deyib:

"İlham Abbasovun vasitəçiliyi ancaq məni onlarla tanış etmək olub. Onlardan götürdüyüm pulu üç ay müddətində qaytarmalı idim. Mənə 100 min manatı Rəfaelin oğlanları verib. Obyekt 850 min manata satılmalı, 640 min manat banka çatmalı idi. Mən cinayət törətməmişəm".

Daha sonra zərərçəkmiş Rəfael Həsənov ifadəsi elan olunub. İfadədə deyilir ki, obyektlərin satışı ilə bağlı İlham Abbasovla danışılıb: "Deyildiyi kimi çəkiliş iki dəfə yox, bir dəfə, İlhama pul verilndə olub. Altı aya bu iş həll olunmalı idi. Sonradan İlham 102 min manatı geri qaytardı. Əvvəlcə mən pulu oğlumu Prezident Adminstrasiyasında işə düzəltmək üçün vermişdim. Obyekt söhbət yox idi.

Obyekti satmaq barədə sonra razılaşdıq. Obyekt satılacaq, mənim də pulum qaytarılacaqdı. Mən pulu İlhama vermişəm, çünki ona inanırdım. Deyirdi, yaxşı tanışları var, bu işi görəcəklər".

Zərərçəkmiş qeyd edib ki, oğlunun işə düzəlməsi üçün İlham Abbasov ondan 360 min manat istəyib: "Deyirdi, bu puldan ona cəmi 10 min manat qalacaq. İlham Abbasovdan şikayətçiyəm".

Daha sonra İlham Abbasovun ifadəsi elan olunub. O, ifadəsində bildirib ki, 102 min manatı İslam Yusifovun ailəsindən alaraq zərərçəkmişə veriblər:

"Onların verdiyi pulun üstünə özüm də qoymuşam. İslam dedi ki, sən pul ver, sonra öz aramızda həll edərik".

İlham Abbasov qeyd edib ki, Rəfael Həsənova məxsus obyekti 850 min manata satılması barədə razılaşıblar: "Həmin pulun 690 min manatı banka çatmalı idi. Bu işdə mənim də xeyrim olacaqdı - 20 min manat... Mənim zərərçəkmiş şəxslə onun oğlunu işə düzəltmək barədə razılığımız olmayıb".

Rafael Həsənov isə bildirib ki, ona 360 min ziyan vurulub, bu məbləğin cəmi 102 mini ödənilib.

Növbəti məhkəmə prosesi sentyabrın 16-na təyin edilib.

İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.

Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.