BAKI, 19 avqust. TELEQRAF
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Gülnarə Eynullayevanın 3 il sürücülük hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum olunmasını təklif edib.
Daha sonra prosesdə hökm oxunub.
Gülnarə Eynullayeva 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il 9 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunu idarə etdiyi avtomobillə toqquşub.
S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Gülnarə Eynullayevaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.