BAKI, 24 iyul. TELEQRAF

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Şəhla Kamilovanın nümayəndəsi də eyni vəsatətlə çıxış edib.

Nümayəndə bildirib ki, jurnalistlər tərəfindən zərərçəkmiş şəxsin fotosu məhkəmənin önündə çəkilib və məhkəmə prosesindən hazırlanan materiallarda yayılıb. O deyib ki, bugünkü iclasda həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs ifadə verəcəklər, burada faktlar açıqlanacaq. Nümayəndə, bu halların yayılmaması üçün prosesin qapalı keçirilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə prosesin qapalı keçirilməsi barədə vəsatət elan edib. O deyib ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi qorunmalıdır, həmçinin iş üzrə 12 şahiddən 8-i azyaşlıdır.

Vəkilin sözlərinə görə, sosial şəbəkələrdə təqsirləndirilən şəxsin ailə üzvlərinə xoşagəlməz şərhlər yazırlar.
Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, anası da vəsatəti dəstəkləyib və prosesin qapalı keçirilməsini istəyib.

Dövlət ittihamçısı isə vəsatəti məhkəmənin mülahizəsinə verdiyini bildirib. Sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər. Qərara görə, vəsatətlər təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qəbul edilib.

Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparıla bilməsi və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək.

Media nümayəndələri və kənar şəxslər prosesdən kənarlaşdırılıb.

Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Rəsulzadə qəsəbəsindəki evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və tüfəngi çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.