BAKI, 16 iyul. TELEQRAF

Ali Məhkəmədə qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Rüstəm Məmmədov barəsində qərardan verilən kassasiya protestinə baxılıb.

Teleqraf xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu yivli silah hesab edilən 1 ədəd ov karabinini və döyüş sursatı hesab olunan 160 ədəd patronu qanunsuz olaraq əldə edib, Səbail rayonu ərazisinə daşımaqla yaşadığı evdə gizlədib.

Bu barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində R. Məmmədovun saxladığı keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş TOZ-16 modelli, sürgülü odlu yivli silah hesab edilən, atəş üçün yararlı 1 ədəd ov karabini və zavod üsulu ilə istehsal olunmuş, 5,6 millimetr kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 160 ədəd patron aşkar edilib.

İstintaq orqanı tərəfindən R. Məmmədova qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, R. Məmmədovun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.

Bakı Apellyasiya Məhkəməsi də bəraət hökmünü qüvvədə saxlayıb.