BAKI, 6 iyul. TELEQRAF
Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə görə, Gövhər Əhmədova 5 il, Fəridə Novruzova isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Əhmədova məhkəmə zalında həbs olunub. Fəridə Novruzovanın doğulacaq övladının 14 yaşına qədər cəzası təxirə salınıb.
Digər təqsirləndirilən Vəli Rəhimov 2 min manat cərimə olunub
Qeyd edək ki, bundan əvvəl çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.
Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dəymiş ziyan 700 min manatdır.
Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.