BAKI, 12 fevral. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhər məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onunla birlikdə mühakimə olunan digər şəxslər barəsində qərarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "URA.Ru" məlumat yayıb.

Bildirilib ki, məhkəmə kollegiyası Şıxlinskini qətl və qəsdən adam öldürməyə cəhd cinayətlərinin təşkilində təqsirli hesab edib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2001-ci ildə iş adamı Yunus Paşayevin öldürülməsində və 2010-cu ildə digər sahibkar Fehruz Şirinovun həyatına sui-qəsd cəhdində ittiham olunurlar.

Məhkəmə Şahin Şıxlinskinin cinayət əməllərinin tam sübuta yetirildiyini və onun cəzasının yüngülləşdirilməsinə layiq görülmədiyini bildirib.

Xatırladaq ki, 2025-ci ilin yayında başlayan məhkəmə prosesində Şahin Şıxlinski ilə yanaşı, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərov qardaşları, həmçinin Şücayəddin Rəcəbov da qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib. Prokurorluğun vəsatəti ilə proses qapalı rejimdə keçirilib.

Məhkəmənin yaxın günlərdə yekun hökmü elan edəcəyi və təqsirləndirilən şəxslərə verilən cəza müddətlərinin dəqiqləşəcəyi gözlənilir.