BAKI, 11 fevral. TELEQRAF

"QHT işi" üzrə ittiham olunan ABŞ-nin "German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxsin vəkili vəsatət verib, bildirib ki, hazırkı ittiham əsassızdır. Bu səbəbdən işə xitam verilməsini xahiş edib.

Prokuror vəsatətin təmin edilməməsini, işin baxışa verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib, iş məhkəmə baxışına verilib.

Məhkəmə baxışı fevralın 25-nə təyin olunub.

Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə - Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.