BAKI, 4 fevral. TELEQRAF

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, E.Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub. Fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.