BAKI, 4 fevral. TELEQRAF

Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Teleqraf xəbər verir ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yerüstü piyada keçidinin altından yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyevanı və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Qəza nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə zamanı ailənin digər üzvləri də onların yanında olub. Belə ki, Ülviyyə Əliyeva yolu keçərkən həyat yoldaşı iki azyaşlı övladını qucağında tutub, özü isə oğlu Azəri qucağına alaraq yolu keçməyə çalışıb.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Məhkəmədə Nuran Nuriyev ifadəsində bildirib ki, Xırdalan şəhərində yerləşən “KFC”də fəhlə işləyib və hadisə günü Bakı şəhərindən Şamaxı istiqamətində hərəkətdə olub. Onun sözlərinə görə, yolu sağdan sola doğru keçən iki böyük və üç azyaşlı piyadanı görüb. Lakin yorğun olduğu üçün onları gec görüb və avtomobili vaxtında saxlaya bilməyib. Nəticədə piyada qadını avtomobilin ön hissəsi ilə vurub, avtomobil qadının yanında olan kişiyə də dəyib.

O qeyd edib ki, dərhal avtomobili saxlayaraq qadını və qucağında olan azyaşlı uşağı həmin şəxsin köməyi ilə xəstəxanaya aparıb. Lakin hər iki şəxs xəstəxanada dünyasını dəyişib. Təqsirləndirilən bildirib ki, valideynləri və yaxın qohumları zərərçəkən ailəyə yas və dəfn xərcləri ilə bağlı maddi köməklik göstəriblər. O, baş verənlərə görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını deyərək məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.

Mərhumun həyat yoldaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, ailəsi ilə birlikdə avtobusdan düşdükdən sonra arvadına yerüstü keçiddən istifadə etməyi təklif edib. Lakin mərhum yorğun olduqlarını və yolu tez keçə biləcəklərini deyib. O da iki qızını qucağına alıb, arvadı isə oğlu Azəri qucağına götürərək yolu keçməyə çalışıb.

Orta ayırıcı beton zolağa çatdıqları zaman soldan gələn ağ rəngli “VAZ-2107” markalı avtomobil əvvəlcə onun ayağına toxunub, daha sonra isə arvadını vurub. Zərbədən Ülviyyə Əliyeva qucağındakı oğlu ilə birlikdə asfalt üzərinə yıxılıb. Sürücü onları dərhal xəstəxanaya aparsa da, tibbi yardıma baxmayaraq ana və uşaq vəfat edib. Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxsin yaxınları dəfn xərclərini qarşılayıblar və hazırda onun Nuran Nuriyevə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işə xitam verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Nuran Nuriyev Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. O, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.