Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin xalq artisti Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun barəsində olan hökm üzrə amnistiya tətbiq edilməsi ilə bağlı müraciətinə baxılıb.
Teleqraf xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Nürəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.