BAKI, 8 yanvar. TELEQRAF

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə prosesi yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32 311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32 312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.

Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtana görə xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.