BAKI, 6 yanvar. TELEQRAF
Astara Rayon Məhkəməsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirləndirilən sürücü barəsində inzibati işə baxılıb.
Teleqraf xəbər verir ki, Astara RPŞ-nin əməkdaşları xidmətdə olarkən “VAZ 2106” markalı avtomobilin sürücüsünə dönmə işıqlarından istifadə etmədiyinə görə “saxla” işarəsi veriblər.
Lakin 25 yaşlı sürücü A.Əliyev polisə məhəl qoymayaraq hərəkətini davam etdirib və sonradan da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Araşdırma zamanı sürücünün spirtli içki qəbul etdiyi müəyyən edilib. O, məhkəmədə təqsirini etiraf edərək peşman olduğunu bildirib.
Məlum olub ki, A.Əliyev idarə etdiyi maşını yaşadığı ünvana apardıqdan sonra polis şöbəsinə gələrək təslim olub.
Qərara əsasən, sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 8 sutka inzibati həbs cəzası seçilib.