BAKI, 26 dekabr. TELEQRAF
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov çıxış edib.
Abbasov bildirib ki, məhkəmə ümumimilikdə ədalətsiz araşdırma aparıb: "Məhkəmə iş üçün həll edici olan vəsatətlərin bir qismini təmin etmədi. Eyni zamanda sanki İsfəndiyar Axundov Femidanın bağlı gözlərini bu məhkəmədə açdı. Mən məhkəmədən İsfəndiyar Axundov barəsində ən ağır cəzanın verilməsini xahiş edirəm".
Daha sonra İ. Axundovun vəkili Ülvi Nəsibli müdafiə nitqi ilə çıxış edib: "Demək olar ki, hər dəfə qarşı tərəfin nazı ilə oynamışıq. Manupuliasiya edirlər. İsfəndiyar Axundov tanınmış adamdır. Onun barəsində heç nə olmasa belə ləkə atırlar. Məhkəmədən İsfəndiyar Axundov barəsində bəraət verilməsini xahiş edirəm".
Bundan sonra İ. Axundov son söz deyib: "Mən şəhidləri və qaziləri aldadan adamları dələduz adlandırmışam. Emilin adını çəkməmişəm. Mənim 75 yaşım var. Ağrılarım çoxdur. Məhkəmədən mənim barəmdə bəraət çıxarmaısını xahiş edirəm. Bu məhkəmə 8 aydır gəlib gedirəm. Bu elə mənim üçün ən böyük cəzadır".
Daha sonra hakim hökm elan edib.
Hökmə əsasən, İsfəndiyar Axundovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib və ona bəraət verilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.
Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.