BAKI, 17 dekabr. TELEQRAF
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Əvvəlcə istintaq materiallarında olan Azər Qasımlı ilə zərərçəkmiş Qurbanəli Yusifovun üzləşdirmə protokolu, daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Azər Qasımlı bildirib ki, Yasamal rayonunda olan ofisdə Qurbanəli Yusifovla görüşməsi barədə dedikləri yalandır, onunla heç vaxt həmin ofisdə görüşməyib. Qurbanəli Yusifov isə Azər Qasımlı ilə ofisdə görüşdüyünü deyib: "Otaqda ikimiz olmuşuq. Azər orada mənə sənədə imza elətdirdi".
Daha sonra zərərçəkmiş şəxsin Mingəçevir Şəhər Polis Şöbəsinə yazdığı ərizəsi elan edilib. Həmin ərazidə o, Azər Qasımlı tərəfindən şantaj olunması, övladları ilə hədələməsi barədə qeydlər edib. Həmçinin Azər Qasımlının ona "pulun yoxdursa, böyrəyini sat, pulu ver" ifadəsini dediyini yazıb.
Daha sonra işdə olan digər sənədlər, o cümlədənAzər Qasımlıya məxsus bank sənədlər elan olunub.
Daşınmaz əmlakın reyestr xidmətinin məktəbundan görünür ki, Azər Qasımlınln adına daşımaz əmlak yoxdur.
Növbəti proses dekabrın 26-da davam edəcək.
İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.
A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb.
Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.
Bundan savayı, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, özünün zərər çəkdiyini deyib.