BAKI, 17 dekabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesə Dənizkənarı Bulvar İdarəsi tərəfindən ikinci nümayəndə gəlib.

Hakim bildirib ki, qanunvericilikdə zərərçəkmişin yalnız bir nümayəndəsinin iştirakı nəzərdə tutulub: "Vəkil bir neçə nəfər ola bilər. Biz gərək əvvəlki nümayəndənin səlahiyyətərinə xitam verək və yeni gələni işə buraxaq".

Müzakirələrdən sonra idarənin əvvəlki nümayəndəsi işə buraxılıb, digər nümayəndənin isə şahid qismində dindirilməsi qərara alınıb.

Daha sonra İlqar Mustafayev səhhətində yaranan problemlərlə bağlı izahat verib: "Bir il beş aydır həbs olunmuşam. İki saat əməliyyat olunmuşam, ürəyimə stent qoyulub, açıq əməliyyat olunmalıyam. İki həftədir ürək ağrılarım var. Burada təmiz adımı bərpa etdiyim zaman canımdan oluram. Ürək xəstəliyi elə bir şeydir ki, sabaha ümid yoxdur. Qapalı müəssisədə müalicə olunmağa şərair yoxdur. Cəza alacağamsa, işimi bilim. Mən sədaqətlə xidmət etmişəm. Bir işdir düşmüşəm. Prosesin sürətləndirilməsini istəyirəm".

Hakim bildirib ki, məhkəmə prosesinin aparılması günləri tezləşdirriləcək və hər həftə işə baxılması təmin olunacaq.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, İlqar Mustafayevdən şikayəti yoxdur. Pandemiya dövründə bulvarın hansı dövrlərdə işləməməsi ilə bağlı suallara isə cavab verə bilməyib. Deyib ki, həmin dövrdə işçi olmayıb: "Amma arxivdən həmin dövrlə bağlı sənədləri çıxarıb təqdim edə bilərəm. Attraksionlardan yığılan pullarla bağlı əlavə bir söz deyə bilmərəm. Çünki buna maliyyə şöbəsi baxır. Onlardan sənədləri alıb təqdim edərəm".

Daha sonra nümayəndəyə gəmi gəzintisindən əldə olunan pullarla bağlı sənədlərin mövcudluğu barədə suallar verilib. Dövlət ittihamçısı vəkilin suallarına etiraz edib. Bildirib ki, hazırda həmin sənədlər tədqiq olunmur. Etiraz qəbul olunub.

Bundan sonra vəkil bulvar üçün kənardan güllərin alınması ilə bağlı suallar verib. Nümayəndə deyib ki, istixanada da güllər yetişdirilib, amma kənardan alınan güllərlə bağlı məlumatı yoxdur. O, güllərin kənardan alınması, istixanada isə nə qədər güllərin yetişdirilməsi barədə növbəti iclasda öyrənərək məlumat verəcəyini deyib.

Vəkil bulvarda nağd pulların toplanması və paylaşılmasını nümayəndədən soruşub. Nümayəndə bu barədə də növbəti iclaslarda məlumat verəcəyəni söyləyib. O, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı aparatların alınması barədə isə heç bir məlumatının olmadığını qeyd edib.

Vəkil bildirib ki, idarədə 2023-cü ildə əməkhaqqı 7 milyon manat olub, amma bu rəqəm 2024-cü ildə 14 milyon manat göstərilib. Vəkil bu rəqəmin əməkhaqlarının artması, yaxud işçi sayının çoxalması ilə əlaqəli olub-olmadığını soruşub. Nümayəndə bunu da öyrənərək məhkəməyə söyləyəcəyini deyib.

Daha sonra Dövlət Vergi Xidmətinin nümayəndəsi izahat verib. O bildirib ki, idarədə yoxlama aparılıb: "Yoxlama zamanı 2022-2024-cü illərdə "Mirvari" gəmisində 44 min 475 sərnişin daşınıb. Sənədləşəmə tam aparılmayıb, vergidən yayındırılıb. Yoxlama Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim olunan məktub əsasında aparılıb. Bundan əlavə, digər obyektlərin icarədarlarının da ifadəsi alınıb. Hesablama aparılıb və vergidən yayınma halları məlum olub.

Ərazidə əmlaklar var. Həmin əmlakların dövlət reyestrində qeydiyyata alınması, Bulvar İdarəsinin tabeliyində olması müəyyən edilib. Buna görə də həmin əmlakarla bağlı sənədləşmə aparılıb və əlavə dəyər vergisi, digər mənfəət vergisindən yayınma müəyyənləşdirilib".

Nümayəndə bildirib ki, ümumilikdə 1 milyon 800 min manatdan çox vergidən yayınma mövcuddur. Daha sonra nümayəndə təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb. Bildirib ki, ekspert dəvət olunub və həmin ekspert vergi yoxlaması ilə bağlı rəy verib.

Suallara cavab verən nümayəndə qeyd edib ki, əmlak vergisi hüquqi şəxsdən tutulmalıdır: "Bu verginin kimdən tutulmasını istintaq müəyyən edir. İstintaq dövründə sorğu verilib və həmin əmlakların kimə məxsus olmasını müəyyən etmək mümkün olmayıb".

Sorğu-sual zamanı məlum olub ki, mütəxəssis "Azərlotereya" satış məntəqəsinin bir kvadratmetri üçün 3 min manat icarə haqqı ödənilməsini müəyyən edib.

Bundan əlavə, mütəxəssislər batut attraksionları üçün 20 min, "Coca-Cola" köşkünün 2 kvadrat metri üçün isə 14 min 500 manat müəyyən ediblər.

Həmçinin bildirib ki, bu obyektlərlə bağlı İlqar Mustafayevin vergidən yayınması müəyyən olunub.

Növbəti proses dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.