BAKI, 12 dekabr. TELEQRAF
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
O bildirib ki, ittihamda göstərildiyi kimi qətli həzz alaraq törətməsi düzgün deyil: "Dolanışığım çətin idi, ona görə Rusiyaya getdim. Uşaqlarımı da göndərməyi atamdan istədim, amma göndərmədilər. Bir neçə vaxt sonra geri qayıtdım. Arvadım haqqında xoş olmayan sözlər eşitdim, onun məni aldatdığını başa düşdüm. Ona dedim ki, get atan evinə, xoşbəxt yaşa. Bu da mənim nömrəm, istədiyin vaxt əlaqə saxlyarsan. Amma gəldim gördüm, getməyib.
Arvadımın xəyanət etməsini onun haqqında danışılanlardan başa düşdüm. Mənə konkret kimsə bir söz deməyib. Mən kişiyəm, bilirəm nə baş verir. Amma onu öldürmək fikirim yox idi. Ona dedim ki, qohum olmuşuq, yaxşı ayrılaq, mehriban olaq. Amma ailəsindən gəlib onu aparmadılar".
Təqsləndirilən şəxs hadisə günü baş verənləri belə danışıb: "Məndə şübhələr var idi. Telefonuna zəng gəldi. Zəngə "Ana" sözü yazılmışdı. Amma zəngə cavab vermədi. Dedim ki, danış, danışmadı".
Mərhumun atası və hüquqi varis Elşən Qurbanov təqsirləndirilən şəxsin yalan danışdığını deyib. Bu zaman təqsirləndirilən şəxs keçmiş qayınatasını ittiham edib: "Bunun şərəfi olsaydı, azyaşlı uşağa mənim anasını öldürdüyümü deməzdi. Bunu deməklə nə qazandı? Uşaqların psixologiyasını pozdular. Deyərdilər ki, atan-anan başqa yerə gediblər".
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, Ziyəddin ailəli olduğu 9 il ərzində bir dəfə də şübhəsi barədə bir söz deməyib: "Azyaşlı uşağı evdə saatlarla qorxu içində saxlayıb, onları bıçaqla hədələyib. Babası evinə getməyə imkan verməyib".
Təqsirləndirilən şəxs isə belə halın olmadığını deyib: "Qızım oyandı, nə olduğunu soruşdu. Dedim, ananın qızdırması var, titrəyir, gedin yatın. Anan xəstədir, ona dərman verirəm. Qızım da qorxusundan yatdı. Onlar hadisənin şahidi olmayıblar. Otaq qaranlıq idi. Əməlindən peşman olmuşam".
Daha sonra mərhumun atası sərbəst ifadə verib: "Övlad acısı ağırdır. Deyilənlər yalandır. Onun (təqsirləndirilənin-red.) ata-anasını bura çağırın. Görəcəksiz ki, yalan danışır. Qızım evin yanında bağçada xadimə işləyib övladlarına baxırdı. Bu adam casus idi, "Meşə qardaşları"na qoşulmuşdu. Uşaqları öz himayəmə götürəcəm, onu atalıqdan məhrum edəcəm".
Ziyəddin Quliyev deyib ki, uşaqlarının dövlət himayəsinə verilməsini istəyir: "Bunlar uşaqları yaxşı böyütməyəcəklər. Uşağa anasını atasının öldürdüyünü demək düzgün deyildi. Bunu deyən adam necə tərbiyəçi ola bilər?"
Növbəti proses dekabrın 23-də davam edəcək.
Ziyəddin Quliyev bu il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub.
Qeyd edək ki, Aysel Qurbanova Ziyəddin Quliyevlə 15 yaşında ailə qurub. Onlar yaxın qohum olublar.
Ziyəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.