BAKI, 12 dekabr. TELEQRAF
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı Tural Yaqubov işin məhkəmə baxışına verilməsini təklif edib.
Zərərçəkmiş Rəfail Həsənovun vəkili Kamilə Quliyeva təqsirləndirilən İlham Abbasovun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini təklif edib. Vəkil bildirib ki, zərərçəkmişə dəymiş ziyanın cüzi hissəsi, yəni 362 min manatdan 102 min manat ödənilib: "O, həbs edilsə, ziyanın ödənilməsinin gərəkliliyini dərk etmiş olar".
İlham Abbasovun vəkili vəsatətə etiraz edib. Bildirib ki, müvəkkilinin himayəsində altı azyaşlı uşaq var, onlardan üçünün anası vəfat edib.
Təqsirləndirilən şəxslər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
Hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıb. Zərərçəkmiş şəxsin vəkilinin verdiyi vəsatət təmin edilməyib.
Cinayət işinin məhkəmə baxışına verilməsi və araşdırılması barədə qərar qəbul edilib.
İslam Yusifovun barəsində seçilmiş həbs qətimkan tədbiri, İlham Abbasovun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.
Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilirlər.
Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, İslam Yusifov 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. Onun zərərçəkmişə tenderdə qalib gəlməsi üçün vəd verdiyi, bu yolla aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi deyilir.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
O bu günə kimi də zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.