BAKI, 12 dekabr. TELEQRAF
"Meydan TV" işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilənlər dövlət hesabına təyin olunmuş vəkillərdən imtina edib, müqavilə bağladıqları vəkillərin prosesdə təmsil olunmasını istəyiblər. Onlara müqavilə əsasında olan vəkilləri təqdim olunub.
Daha sonra vəsatətlə çıxış edən vəkillər təqsirləndirilənlərin şüşə qəfəsdən çıxarılaraq onlarla yanaşı əyləşməsini istəyiblər. Vəsatət təmin edilib. Növbəti iclasda onların vəkilləri ilə yanaşı əyləşmələri üçün şərait yaradılacaq.
Təqsirləndirilən Aynur Qəmbərovanın (Elgünəç) vəkili vəsatət verərək onun ev dustaqlığına verilməsini istəyib. Bildirib ki, müvəkkilinin səhhətində problemlər var, tanınmış jurnalistdir, şahidlərə təsir etmək imkanı yoxdur. Şəmşad Ağayevin də vəkili eyni vısatətlə çıxış edib.
Əhməd Muxtarın vəkili Rəşad Əliyev müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Bundan əlavə digər təqsirləndirilən şəxslərin vəkilləri də müvəkkillərin barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olması barədə vəsatətlər qaldırıblar.
Bir neçə vəkil isə cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb. Vəsatətlərin heç biri təmin edilməyib. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı dekabrın 22-ə təyin olunub.
***
11:42
Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Dövlət ittihamını Baş Prokurorluğun dövlət ittihamı idarəsinin Ağır Cinayətlər üzrə prokuroru Elgin Qafarov təmsil edir.
Hazırda proses davam edir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.