BAKI, 8 dekabr. TELEQERAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə hakim heyətində dəyişiklik olduğu elan edilib.

Bundan əvvəlki heyətdə olan hakimlər Novruz Kərimov və Rasim Sadıxov yaş həddi ilə bağlı təqaüdə çıxıblar. Buna görə yeni hakim heyəti formalaşdırılıb.

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi yeni hakimlər heyətində Mahirə Kərimova və Fəxri Məmmədov yer alıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili İsmayıl Kəngərli vəsatət verib. O bildirib ki, müvəkkili bir ildən artıq həbsdədir, onun səhhətində müəyyən problemlər yaranıb.

Vəkil İlqar Mustafayevin xəstəliyi ilə bağlı sənədləri təqdim edib. Deyib ki, müvəkkilinin ürək damarlarının 80 faizi işləmir: "O, qapalı müəssisədə müayinə olunub və ürəyinə stend qoyulub. Onun qapalı müəssisədə açıq ürək əməliyyatı olunması mümkün deyil. Buna görə səhhəti ilə bağlı sənədlərin işə əlavə olunmasını istəyirik".

Vəkil daha sonra maliyyə sənədlərinin də işə əlavə edilməsini istəyib. Bildirib ki, Hesablama Palatası 2003-cü ilin sənədlərinə istinad edib, bu sənəddə küçə süpürlməsi ilə bağlı normalar yer alıb:

"Cinayət işinin birinci cildində Hesablama Palatasının audit rəyində və hesabatında bildirilib ki, İlqar Mustafayev Maliyyə Nazirliyinin 29 may 2003-cü li tarixli İ-86 nömrəli "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları"nda nəzərdə tutulmadığı halda Bulvar İdarəsinin ayrı-ayrı şöbələri üzrə 2021-ci ildə 125 nəfərlə 1 062912 manat, 2022 və 2023-ci ildə 140 nəfər işçi ilə 1,3 və 1,5 milion manat büdcə proqnozlaşdırıb və icra edib.

Həmçinin Maliyyə Nazirliyinin 29.05.2003 tarixli İ-86 nömrəli həmin əmrinnə zidd olaraq ştatda müxtəlif ustalar (xarrat, bənna və s.) işə götürülüb.

Ən qəribəsi də odur ki, Hesablama Palatası hesabatının 14-cü səhifəsində Maliyyə Nazirliyinin 29.05.2003 tarixli İ-86 nömrəli əmrinə əsasən qeyd edilir ki, "Dövlət Bayrağı Meydanı ərazisində aparılan bərpa və yenidənqurma işləri"nin layihəsi çərçivəsində Dənizkənarı Bulvar Idarəsinin İdarə Heyəti sədrinin müavini, aparat rəhbəri, marketinq və reklam şöbəsinin müdir müavini müxtəlif tarixlərdə xarici ölkələrə bayraq dirəyinin materiallarının istehsal prosesinə nəzarət aparılması məqsədilə ezamiyyətə göndərilib və 2021-ci ildə 8153,0 manat, 2022-ci ildə 20549,0 manat, 2023-cü ildə 11173,00 manat ezamiyyə xərci ödənilib.

Maliyyə Nazirliyinin 29 may 2003-cü li tarixli İ-86 nömrəli əmri şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin müvəqqəti normalarını göstərir.

İndi sual olunur: Küçə süpürmə normalarının Bayraq dirəyinin bərpası ilə bağlı ezamiyyələrə, Bulvar İdarəsi rəhbərliyinin ştat cədvəlinə, gəmilərin idarə edilməsinədəxli var? Necə ola bilər ki, Hesablama Palatasının peşəkar auditorları insan taleyinə bu cür yanaşsınlar? Yəni Hesablama Palatasının heçmi ağlına gəlməyib ki, Maliyyə Nazirliyinin 2003-cü il tarixli bu əmrini kimsə oxuyub araşdırar və ya ölkə rəhbərliyi bunu sorğulayar?

Ən əsası da Maliyyə Nazirliyinin həmin normalarını əsas götürsək, hər 5500 kv.m əraziyə 1 küçə süpürən fəhlə ştatı və hər 1 hektar yaşıllığa 1 nəfər fəhlə düşür. Bu normativlərə əsasən 215 hektar (143 hektar adi ərazi və 72 hektar yaşıllıq) Bulvar ərazisinə 332 fəhlə düşür və 100 milyin manat illik xərc tələb olunur. Hesablama Palatasının bu rəyinə görə, Bulvar İdarəsinə illik 100 milyon manat lazımdır. Bu rəyə əsaslansaq, Bulvar İdarəsinə illik 100 milyon manata qənaət etdiyi üçün təşəkkür düşür".

Hakimlər heyəti hər iki sənədin işə əlavə olunması barədə qərar qəbul ediblər.

Daha sonra Bulvar İdarəsinin nümayəndəsi İqbal Nəsibov ifadə verib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Hesablama Palatası Nazirlər Kabinetin səlahiyyətlərinə aid olan MMC-lərinğv olunmamasına görə irad tutub: "Belə olan halda Bulvar İdarəsi rəisinin müstəqil formada həmin MMC-ləriğv edtməsi mümkün sayıla bilərmi?"

İdarənin nümayəndəsi deyib ki, Hesablama Palatasının iradı ilə onlar da razı deyillər.

Bununla belə, Bulvar İdarəsinin nümayəndəsi təqsirləndirilən İlqar Mustafayevdən şikayətçi olduqlarını deyib.

Növbəti proses dekabr 17-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.