BAKI, 12 İyul. TELEQRAF

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şirkət işçisinin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, qəza ötən ilin noyabrın 28-də rayonun X.Ələkbərov küçəsində baş verib.

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Tural adlı şəxs idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq araşdırması zamanı hadisənin baş verməsində sürücü günahkar bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Qeyd edək ki, təqsirləndirilən “Ye Doy” firmasında sürücü işləyib.