BAKI, 10 iyun. TELEQRAF
Beyləqan rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü İmamqulu Kərimovun cinayət işinə baxılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə ötən il avqustun 11-də Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Beyləqan rayon sakini İmamqulu Kərimovun idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə 1981-ci il təvəllüdlü Qalib Əliyevin idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olan 4 sərnişin ağır xəsarət alıb, sürücü Qalib Əliyev ölüb.
İmamqulu Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən sürücü elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “VAZ 2106” markalı avtomobili 2024-cü ilin aprel ayında alıb: “Avqustun 11-də səhər saat 6 radələrində qonşum və dostum Elvinlə birlikdə Füzuli rayonunda yerləşən mal-qara bazarına yola düşdük. Avtomobili özüm idarə edirdim. Elvin qabaq sərnişin oturacağında əyləşmişdi. Yolun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Horadiz istiqamətində təxminən saatda 60-70 kilometr sürətlə hərəkətdə olan zaman qarşıda bir “Qazel” markalı yük avtomobili hərəkətdəydi.
Həmin avtomobilə çatanda ötüb keçmək istədim. Sola dönmə işığını yandırdım, ötmə əməliyyatı etməyə başlayarkən qarşı hərəkət zolağına çıxdım, əks istiqamətdə “VAZ 2106” markalı avtomobilin gəldiyini gördüm. Ötməni tamamlamaq üçün sürəti artırdım. Amma öz hərəkət zolağıma qayıda bilmədim. Qarşıdan gələn “VAZ 2106” markalı avtomobilin mənə çatdığını gördüm.
Toqquşmadan yayınmaq üçün avtomobili sola yolun ehtiyat hissəsinə istiqamətləndirdim. Qarşıdan gələn avtomobilin sürücüsü də maşını həmin yerə istiqamətləndirdi. Qəzanın baş verməsinin qarşısını ala bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, toqquşduğu avtomobil geriyə hərəkət edib və yolun sağ tərəfində ehtiyat hissədə dayanıb: “Bu zaman mənim avtomobilim alışdı və yanmağa başladı. Ətrafdan tanımadığım şəxslər avtomobilə yaxınlaşdı və mənimlə Elvini avtomobildən çıxardılar.
Toqquşduğum avtomobilin içərisində olan 3 nəfəri də çölə çıxardılar. Mənim avtomobilim tamamilə yanaraq yararsız vəziyyətdə düşdü. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəldi və bizi Beyləqan rayon mərkəzi xəstəxanasına gətirdilər. Xəstəxanada avtomobilin sürücüsünün öldüyünü öyrəndim”.
Cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərimov 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib və 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası alıb.
Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.