BAKI, 10 iyun. TELEQRAF

Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Bərdə Rayon Mərkəzi Xəstəxanası Birləşmiş Uşaq Xəstəxanasında uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Ədalət Süleymanovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 2015-ci il təvəllüdlü Gülüm Abidova 2020-ci ilin avqustun 4-də, saat 17:00-da öz həyətlərində pilləkəndən yıxılıb, hadisədən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində müayinə olunub və evə göndərilib. Ertəsi gün saat 11:30-da azyaşlı qız valideynləri tərəfindən təkrar Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın həkimləri Şöhrət Əhmədov və Ədalət Süleymanov həmin gün Gülüm Abdilovanın digər xəstəxanaya göndərilməsi barədə qərar qəbul ediblər.

İntoksikasiya əlamətləri olan xəstəni həmin gün saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə ediblər. Gülüm Abdilova saat 00:00-da orada vəfat edib.

İstintaq hər iki həkimi Gülüm Abdilovanın ölümü ilə bağlı səhlənkarlıqda günahlandırıb və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürüb.

“Dedi ki, xəstəmiz ölür, təcili buna bax”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrət Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, uzun illərdir Bərdə Rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı işləyir:

“Baş həkim tərəfindən təxminən 15-20 ildir ki, travmatoloji xəstələrə yalnız həkim-travmatoloqlar tərəfindən baxılması əmirləşdirilib. Mənim vəzifəm 18 yaşadək uşaqlarda planlı və təcili əməliyyatlar etməkdən ibarətdir.

4 avqust 2020-ci ildə 14:30-dək işdə olmuşam, sonra evə getmişəm. Ertəsi gün, səhər saat 09:00-da işdə olduğum zaman digər xəstələri tibbi müayinə etdim. Təxminən saat 11 radələrində adını xatırlamadığım bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla qəbul otağıma daxil oldu. Dedilər ki, xəstəmiz ölür, təcili buna bax. Xəstəni müayinə masasının üstünə qoydular.

Uşağın ağır vəziyyətdə olduğunu gördüm və qohumlarından uşaq barədə soruşdum. Onlar mənə avqustun 4-də axşam saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasına gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyini, sistem qoşulduğunu bildirdilər.

Uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək onu evə aparıblar. Bildirdilər ki, həmin gün xəstəyə mərhum travmatoloq Şəmil həkim baxıb və uşağın xəstəxanada qalmalı olduğunu bildirib”.

“Xəstə can verdiyi üçün danışmadım”

Təqsirləndirilən şəxs qeyd edib ki, tibb bacısına dərhal uşağı USM-dən keçirməyi, qan analizi götürməyi, qarın boşluğunu rentgen eləməyi tapşırıb: “Valideynləri başa saldım ki, xəstəxanada KT və endoskopik-laporoskopiya müayinəsi olmadığı üçün yeganə yol qarın boşluğunu açaraq baxmaqdır. Onların rəyini soruşdum.

Valideynlərdən biri kiməsə zəng etdi və ona bildirildi ki, uşağı təcili Bakı şəhərinə uşağın aparılmalıdır. Həmin şəxs mənimlə danışmaq istədiyini bildirdi. Mən də bu dəqiqə vaxtım olmadığını, həkim deyilsə, mənimlə nə üçün danışmalı olduğunu soruşdum.

Xəstə can verdiyi üçün mən telefondakı şəxslə telefon danışmadım.

Ölkədə koronavirus infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşündüm.

Mən uşağa çılpaq vəziyyətdə baxdım və qarın nahiyyəsində heç bir iz (qançır, göyərti və s.) görmədim. Buna baxmayaraq uşağı müayinə etdim”.

“Xəstə göyərmiş və ağır şok vəziyyətində idi”

Şöhrət Əhmədovun bildirdiyinə görə, daha sonra uşağı sistemdən keçirib, ilk olaraq bədəninə narkotik vurulub: “Sonra vena daxilinə infuziya başlandı. Amma uşağın vəziyyətinin düzəlmədiyini gördüm.

Xəstənin şok vəziyyətindən çıxmadığı məlum olanda onun küt travma aldığını düşündüm. Günəş kələfində qansızma olduğunu fikirləşdim, vəziyyətin pisləşməyə doğru getdiyini və uşağın öləcəyini gördüm. Bu barədə valideynlərə də bildirdim.

Həmçinin parenximatoz və boşluq orqanlarında zədə əlamətlərinin olmadığını gördüm, valideynlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağırlaşmasının mənə aydın olmadığını bildirdim. Çünki xəstə göyərmiş və ağır şok vəziyyətində idi”.

“Bu xəstə buradan sağ çıxası deyil”

Şöhrət Əhmədovun sözlərinə görə, daha sonra valideynləri uşağı Bakı şəhərinə aparmaq istədiklərini deyiblər: “Mən də dedim ki, aparmaq istəyirsinizsə, aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir.

Daha ixtisaslı yardım göstərilməsi üçün, eyni zamanda uşaq anestezioloqunun, reanimatoloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin köməyinə ehtiyac olduğunu nəzərə alaraq xəstənin Bakı şəhərinə aparılmasına özüm də qərar verdim.

Bundan sonra birbaşa Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Nizami Mehdizadəyə məlumat verdim. O da dedi ki, əgər xəstəni şokdan çıxara bilmirsinizsə, onu ləngitməyin, təcili Bakı şəhərinə təxliyə edin. Ona görə baş həkim özü TƏBİB-ə zəng etdi və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etdi.

Xəstəni konsultasiya etmək üçün Bərdə Rayon Mərkəzi Xəstəxanansında Cərrahiyə şöbəsinin müdiri Ədalət Süleymanov və anestezioloq Seymur Orucova da bu barədə bildirdim. Onlar da “bu xəstə buradan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” dedi.

Günorta saat 2-3 radələrində uşağı Bakı şəhərinə göndərmək üçün xepikriz yazdım, maşın hazırladım, yanına təcili tibbi yardımın həkimini qoşaraq təcili Bakı şəhərinə yola saldım”.

“Bakı şəhərinə apardıqlarını bildim”

Digər təqsirləndirilən Ədalət Süleymanov da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində qeyd edib ki, 1987-ci ildən Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində, 2007-ci ildən Bərdə Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyir: “Vəzifəm hazırda şöbəyə rəhbərlik, xəstələrin müayinə və müalicəsində, eləcə də ağır xəstələrin müayinəsi, müalicəsində iştirak etməkdir.

Mən Gülüm Abdilovanın xəstəxananın şöbəsinə daxil olması və orada ona həkim-cərrah Şöhrət Əhmədov tərəfindən tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən Mirqasımov adına Xəstəxanaya göndərilməsi, orada Gülüm Abdilovanın ölməsi barədə ilk dəfə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olan zaman bilmişəm.

Bundan sonra həkim-cərrah Şöhrət Əhmədovdan xəstə Gülüm Abdilova ilə maraqlandım. Həmin vaxt valideynləri uşağın Bərdə xəstəxanasında əməliyyat olunmasına etiraz etdikləri üçün onu Bakı şəhərinə apardıqlarını öyrəndim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülüm Abdilovanın valideynlərinin deməsinə görə, uşaq avqustun 4-də saat 17:00-da öz həyətlərində pilləkəndən yıxılıb, hadisədən sonra qəbul şöbəsində müayinə olunub və evə göndərilib: “Bununla bağlı bildirmək istəyirəm ki, həmin xəstə avqustun 4-də xəstəxanadan evə göndərilməyib, xəstə valideynləri tərəfindən xəstəxanadan qaçırılıb. Bununla bağlı növbətçi həkim tərəfindən rəsmi qaydada akt tərtib edilib”.

“Xəstə barədə məlumatım olmayıb”

Ədalət Süleymanov qeyd edib ki, 25 avqust 2021-ci ildə ağır vəziyyətdə olan xəstənin Bərdə Rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım maşını ilə Bakı Şəhəri Respublika Klinik Xəstəxanasına göndərilməsi qüvvədə olan mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir: “Qaydalarda, buna məsul şəxslər xəstəxananın müalicə həkimi, şöbə müdiri və baş həkimin qeydi var. Rəyin bu hissəsində qeyd edilənlərlə razı deyiləm.

Şöbə müdiri kimi mənim bu xəstə barədə məlumatımın olmadığını səbəb gətirmişəm. Həmin il aprelin 6-da verilən rəydə göstərilib ki, 2020-ci ilin avqustun 5-də xəstə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra onun vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi.

Buna məsul şəxslər həkim-cərrah Şöhrət Əhmədov və şöbə müdiridir. Rəyin bu hissəsisində qeyd edilənlərlə razı deyiləm. Şöbə müdiri kimi mənim bu xəstə barədə məlumatımın olmamasını səbəb gətirmişəm.

2021-ci ilin mayın 26-da verilən rəydə isə qeyd olunub ki, Gülüm Abdilova avqustun 5-də saat 11:30-da təkrar Bərdə Rayon Mərkəzi Xəstəxanansına gətirilib və ona kəskin qarın diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərarı verilib. Bu qərarın şöbə müdiri tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Rəyin bu hissəsində qeyd edilənlərlə razı deyiləm. Həmin dövrdə mən şöbə müdiri olmamışam, mənim həmin xəstə barədə məlumatımın olmadığını səbəb gətirmişəm”.

“Qarnında heç nə olmadığını bildirdilər”

İş üzrə zərərçəkmiş Gülüm Abdilovanın anası Lalənin sözlərinə görə, 2013-cü ildə Elməddinlə ailə həyatı qurub: “Bu nikahdan 4 azyaşlı uşaqlarımız var. Gülüm 2015-ci ildə anadan olub. 4 avqust 2020-ci ildə evdə 6 aylıq uşağıma baxdığım zaman Gülümün ağladığını eşitdim. Onun tualet yerləşən yerdə kafelin üzərində başı aşağı çöməlmiş vəziyyətdə qarnını tutaraq ağladığını gördüm.

Nə üçün ağladığını soruşanda nərdivan sürüşdüyü üçün nərdivandan yıxıldığını bildirdi. Dərhal yoldaşım Elməddinə zəng etdim, o da dərhal evə gəldi və birlikdə uşağı Bərdə Rayon Mərkəzi Xəstəxanasına apardıq. Adlarını xatırlamadığım tibb bacıları bizi “Acil” adlanan korpusa göndərdilər. Növbətçi hissədə oturan xanıma uşağı göstərdik və hansı həkimin yanına yaxınlaşmalı olduğumuzu soruşduq.

Növbətçi hissədə olan xanım növbədə cərrah-həkim Şöhrət Əhmədovun olduğunu bildirdi və dərhal həmin həkimə zəng edildi. Şöhrət həkim cavab verdi ki, uşaq ultrasəs müayinəsindən keçirilsin, müayinənin cavabı ona çatdırılsın. Ultrasonoloqa zəng edildi və iş yerində olmadığı üçün o, xəstəxanaya çağırıldı.

Bibim Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olduq və Gülümü müayinədən keçirərək uşağın qarnında heç nəyin olmadığını bildirdi. Mən da həkimdən “bəs uşaq qusur axı, bu nədəndir?” soruşdum. Həkim də sistem vurulandan sonra düzələcəyini dedi.

Uşaqla otaqdan çıxandan sonra yenə növbətçi həkimin yanına getdik. Növbətçi həkimə USM-in təqdim olundu və tibb bacısı Gülümə sistem qoşdu.

Bir neçə sistemdən sonra bizə uşağın yaxşı olduğunu və düzələcəyini dedilər, amma onun xəstəxanada qalmasını məsləhət etdilər. Mən də tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa, evə aparmağımı bildirdim. Həkimlər uşaqda ciddi problemin olmadığını söylədilər.

Gülümü evə aparsaq da, qarnının ağrıdığını dedi. Evə gələn kimi uzandı, heç nə yemədi və gecə saat 1 radələrində ayağa duraraq su içmək istədiyini bildirdi. Uşağa bir-iki udumluq su verdim. Suyu içib yatmağa getdi”.

“Bildirdi ki, uşaq şokdadır”

Lalənin ifadəsinə görə, növbəti gün səhər saat 8 radələrində Gülüm qaytarmağa başlayıb: “Qaytardıqdan sonra su içmək istədi. Uşağa su verdim və əmim oğlu Ramizin evinə apardım. Ramiz uşağın vəziyyətinin yaxşı olmadığını bildirdi və yoldaşı Günayla birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanaya getdik.

Xəstəxanada uşağı Şöhrət Əhmədovun otağına apardılar. Uşaq əmim qızı Günayın qucağında həkimə yaxınlaşdı və dedi ki, nə olar, uşağa bax, gör niyə qusur.

Şöhrət Əhmədov da bildirdi ki, görmürsən, başqa uşağa baxıram, gözlə. Sonra Gülümü apardı və otaqda olan müayinə masasına uzandırdı. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başladı. Həkimə “bax gör, uşaq yenə də qusur” dedim.

Şöhrət uşağa baxan kimi bildirdi ki, uşaq şokdadır, götürün USM olunsun, USM-in cavabına baxaq, sonra əlimizdən gələni edək.

Gülümü USM-dən keçirdim və cavabını gətirərək həkimə təqdim etdim. Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” dedi. Biz Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirdik”.

“Bizi aldatdığını başa düşdük”

Lalə qeyd edib ki, iki saat sonra Şöhrət həkim palataya gəlib: “Bildirdi ki, uşaq sistem vurulandan sonra bir az yaxşılaşıb, buna bir az da sistem vurun, bir əməliyyatım da var, ora gedib-gəlirəm.

Palatada olan tibb bacıları bir daha uşağa sistem vurdular. Bu, təxminən iki saat müddətində davam etdi. Həmin müddətdə uşağın vəziyyətinin yaxşı olmadığını gördük. Əmim oğlu Ramiz Şöhrət Əhmədovun oturduğu kabinetə getdi və “uşağın vəziyyəti yaxşı deyil, gəl bax, gör nə edə bilirsən” dedi.

O da gəlib Gülümə baxdı və bildirdi ki, uşağın vəziyyəti yaxşı deyil, burada onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir. “Həkim, bizə bunu indi niyə deyirsən? Bayaqdan denən, biz də uşağı aparaq” dedim.

Çünki ərim Elməddin səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirdi. Şöhrət həkim isə “qoy mən baxım əvvəlcə, günorta sizə hə-yox deyərəm” söyləmişdi. Bir neçə saat gözlətdikdən sonra uşağı Bakı şəhərinə aparmalı olduumuzu bildirdi. Artıq Şöhrətin bizi aldatdığını başa düşdük və dərhal Gülümü öz şəxsi avtomobilimizlə Bakı şəhərinə aparmağa qərara aldıq.

Lakin həmin vaxt ölkədə koronavirus infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaşdığından Bakıya girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilərdik. Bu səbəbdən təxminən 3 saat ərzində Bakı şəhərinə gedişin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözlədik”.

“Yalnız nəfəsinin gəldiyini gördük”

Lalənin sözlərinə görə, daha sonda əri ilə birlikdə xəstəxananın baş həkiminin qəbuluna düşüb: “Baş həkim də Şöhrət Əhmədovla tez-tez telefon əlaqəsi saxladı və bizi Bakı şəhərində Mirqasımov adına Xəstəxanaya getməyimiz üçün göndəriş yazaraq verdi.

Şöhrət Əhmədov ərimə resept yazaraq dərman almasını və ona gətirməsini tapşırdı. Elməddin dərhal aptekə gedərək adını xatırlmadığım dərmanı aldı və Şöhrət həkimə təqdim etdi. Həkim iynəni vurandan uşaq tamamilə özündən getdi və onun yalnız nəfəsi gəldiyini gördük.

Təxminə saat 5 radələrində təcili yardım maşını ilə Bakı şəhərinə yola düşdük. Qayınatam və qayınanam Bakı şəhərində yaşadıqları üçün biz çatanda onlar artıq xəstəxananın həyətindəydilər. Adını xatırlamadığım həkim qayınatama yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” dedi.

Qayınatam uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərildiyini bildirdi. Həkim də “uşağın qarnını açıb baxmağa nə var ki, niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” dedi. Sonra uşağı tomoqrafiyadan keçirdilər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırdılar. Orada uşağa narkoz verildi və əməliyyat stolunda avqustun 6-da, gecə saat 1 radələrində keçindi”.

“Şikayətçiyəm”

Hüquqi varis ifadəsində göstərib ki, xəstəxanadan uşağı heç yerə qaçırmayıblar, ona və həyat yoldaşına uşağın vəziyyətinin yaxşı olduğunu deyiblər, heç bir probleminin olmadığını bildirdikləri üçün uşağı evə aparıblar:

“Birinci gün uşağı xəstəxanaya apardıqda məsləhət görüldü ki, gecəni xəstəxanada qalaq. Lakin evdə digər uşaqlarımız vardı deyə məcburiyyət qarşısında evə getdik.

Mən ümumiyyətlə Ədalət Süleymanovu tanımıram və uşağ o baxmayıb. Ona görə də ondan şikayətçi deyiləm. Uşağımın həkimi Şöhrət Əhmədov olub. Şöhrətdən şikayətçiyəm”.

Həkimlərdən birinə cəza, digərinə bəraət verildi

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Həmçinin Şöhrət Əhmədov dövlət orqanlarda və yerli özünüidarə orqanlarda 1 il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilib.

Digər təqsirləndirilən Ədalət Süleymanovun ittiham olunduğu əməl məhkəmədə sübuta yetirilməyib. Onun barəsində bəraət hökmü çıxarılıb.

Dövlət ittihamçısı cəza tələb etdi

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Ədalət Süleymanovun barəsində olan bəraət hökmünün ləğv edilməsini, itithamedici hökm çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən Şöhrət Əhmədovun da vəkili apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bir müddət əvvəl Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxan hakimlər heyəti dövlət ittihamçısının protestini qismən təmin edib və Bərdə Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ədalət Süleymanova cəza verildi

Ədalət Süleymanov dövlət orqanlarında və yerli özünüidarə orqanlarında 1 il müddətə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin bu qərarından Ədalət Süleymanovun vəkili kassasiya şikayəti verib. Vəkil hökmün müvəkkilinə aid hissədə ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Eyni tələblə Şöhrət Əhmədovun da müdafiəçisi kassasiya şikayəti verib. Ali Məhkəmədə şikayətlərə baxan hakimlər qərar qəbul edib. Qərara görə, Şöhrət Əhmədovun vəkili tərəfindən verilən şikayət təmin olunmayıb.

Bəraət hökmü yenidən bərpa edildi

Lakin Ədalət Süleymanova aid hissədə olan Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Bu ilin əvvəlində Gəncə Apellyasiya Məhkəməsində Ədalət Süleymanova aid hissədə dövlət ittihamçısı tərəfindən verilən apellyasiya şikayətinə yenidən baxılıb.

Protesti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin edilməyib və Ədalət Süleymanovun barəsində Bərdə Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Bundan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib. Dövlət ittihamçısı Ədalət Süleymanovun barəsində Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması ilə bağlı işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsi istəyib.

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib.