BAKI, 22 may. TELEQRAF
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərov da iştirak edib.
Məhkəmə iclasında Emil Səməndərovun vəkili Asim Abbasov vəsatətlə çıxış edib. O, son aylar ərzində onlarla vətəndaşın şikayətini özündə əks etdirən KİV materiallarını İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmənin iş materiallarına əlavə etmək üçün təqdim edib.
İsfəndiyar Axundovun vəkili vəsatətin təmin edilməməsini xahiş edib. O bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı qarayaxma kampaniyası başladılıb.
Məhkəmə vəsatəti mahiyyəti üzrə olmadığı üçün təmin etməyib.
Xüsusi ittihamçının nümayəndəsi Asim Abbasov yeni hallarla bağlı məhkəməyə müvafiq izahat verib. Daha sonra təqsirləndirilən İsfəndiyar Axundovun ifadəsi dinlənilib. O, özünü təqsirli bilməyib:
"Məqsədim o idi ki, zərərçəkmişlərin problemlərini həll edim. Öyrədilmiş adamlar mənə quyu qazırlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə ev verirəm, neçə adamı evlə təmin edirəm. Qarşı tərəfin vəkilinin suallarını savadımın olmadığına görə cavablandırmaq istəmirəm".
Məhkəmə prosesi iyunun 5-nə qədər təxir edilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.