BAKI, 6 may. TELEQRAF

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin prosesdə iştirak etmədiyi məlum olub. Tərəflər buna etiraz etməyiblər.

Dövlət ittihamçısı Orxan Kəngərli işin məhkəmə baxışına verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili etiraz etməyib.

Məhkəmə baxışı mayın 8-ə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində mübahisə zamanı tanışı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İgid Rəcəbzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.