​BAKI, 6 may. TELEQRAF

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyev və vətəndaş Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəsinə yeni vəkilin qoşulduğu məlum olub.

Vəkil məhkəməyə müraciət edərək prosesin təxirə salınmasının istəyib. O, bugünkü iclasda iştirak edə bilməyəcəyini deyib.

Növbəti proses mayın 20-ə təyin olunub.

Bundan əvvəlki iclas da təxirə salınmışdı.

Qeyd edək ki Əfsər Mirzəliyev vətəndaş Səfər Səfərovla birgə ittiham olunur. İstintaq materiallarında bildirilir ki, onlar əlbir şəkildə sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək özüylə gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər.

Təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.