
BAKI, 7 aprel. TELEQRAF
Şəki rayonunda 1999-cu il təvəllüdlü Ruslan yetkinlik yaşına çatmayan Laləni (adlar şərti verilib - red.) evlənmək məqsədilə qaçırıb və onunla cinsi əlaqədə olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Ruslan müddətdən artıq hərbi xidmətdə olarkən 2021-ci ilin avqust ayının sonlarında “TikTok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Kürdəmir rayon sakini Lalə ilə evlənmək qərarına gəlib.
Bu məqsədlə Laləni 26 sentyabr 2021-ci ildə saat 14 radələrində könüllü razılığına əsasən Kürdəmir rayonunda kirayə yaşadıqları evdən Şəki rayonunun kəndinə, valideynlərinin evinə gətirib. Həmin gün saat təxminən 22 radələrində Lalənin on altı yaşına çatmadığını bilə-bilə təbii yolla könüllülük əsasında ilk dəfə cinsi əlaqədə olub, onun qızlıq pərdəsinin tamlığını pozub.
Sonradan onların münasibətləri korlanıb və ayrılana qədər, yəni 2023-cü ilin mart ayının ortalarınadək həmin evdə mütəmadi olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olublar.
İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan bildirib ki, 2021-ci ildə hərbi xidmətdə olub: “Mən “TikTok” sosial şəbəkəsi vasitəsi ilə Lalə ilə tanış oldum. Bir müddət sonra telefon vasitəsi ilə danışmağa başladıq. Fikrim ciddi olduğu üçün onun yaşadığı Kürdəmir rayonuna getdim. Laləgil məni xoş qarşıladılar. Oturub söhbət etdik, yaxından tanış olduq.
Mən getmək istəyəndə Lalənin anası bildirdi ki, artıq gecdir, istəsən bizdə qala bilərsən. Gecəni onlarda qalası oldum. Təzəcə yerimə girmişdim ki, Lalə yatdığım otağa gəldi. Əynində normal paltar yox idi. Ondan əyninə paltar geyinməsini xahiş etdim. Bildirdi ki, anam deyib, belə gedərsən. Mən də anasının nə üçün belə işlərə qarışdığını soruşdum. Sonra Lalə gələrək yanımda yatdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra onlar qeyri-təbii yolla cinsi əlaqədə olublar:
“Həmin vaxt Lalənin anası yan otaqda yatmışdı. Ertəsi gün mən hərbi hissəyə qayıtdım. Fikirləşdim ki, düz hərəkət etmədim. Oktyabr ayının 8-də ad günüm olduğu üçün Lalənin anasına zəng vurdum ki, fikrim ciddidir və ailəmlə birlikdə onlara gəlmək istəyirəm. Cavab verdi ki, qızı ilə birlikdə Bakı şəhərinə getmək istəyir. Lalənin anası rəfiqəsi ilə “pis yolda” idilər. Lalə özü də anasının pis yolda olmasından narazılıq edirdi.
Lalənin anası “saxladığı oğlan”la Bakı şəhərinə getməli idi. Laləyə yazığım gəldiyi üçün zəng etdim və onu qaçırtmaq istədiyimi bildirdim. Xahiş etdi ki, bu barədə anasına deyim. Lalənin anası ilə danışdım. Bildirdi ki, mən Bakıya gedirəm, siz də nə edirsiniz edin”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin zaman dostu ilə Şamaxı şəhərinə gedirmiş: “Dostuma nişanlımın Kürdəmir rayonunda yaşadığını və onu evimə aparacağımı bildirdim. Laləni evimizə gətirdim. Evdə söz-söhbət yarandı, atam narazılıq etdi ki, Lalə azyaşlıdır, olmaz, onu evinə aparın. Biləndə ki, iş işdən keçib, məcbur qalıb hamı razılaşdı.
Lalə ilə imam nikahı kəsdirmək istədim, qızın yaşı az olduğuna görə imam bundan imtina etdi. Həmin günün axşamı Lalə ilə təbii yolla cinsi əlaqədə olduq. Bir müddət sonra, təqribən noyabr ayının 20-də toyumuz oldu”.
Ruslanın sözlərinə görə, bundan əvvəl onu Kürdəmir rayon polis şöbəsinə dəvət ediblər və qız qaçırmasını bildiriblər: “Polis şöbəsinə getdik. Lalə bəzi analizlərdən keçdi. Hər şey təmiz çıxdı və söhbət bağlandı. Toyumuzdan bir gün əvvəl polis əməkdaşları gələrək bildirdilər ki, əgər həmin qız toyda olsa, səni həbs edəcəyik.
Toyumuz olan vaxt Lalənin ailəsi xonçalarla gəldilər. Mən toydan sonra hərbi hissəyə qayıtdım, Lalə də öz evlərinə getdi. Bir neçə gün sonra zəng vurub dedi ki, anam məni döyür, deyir ki, səni işlədib atdılar üstümə. Ona bildirdim ki, narahat olma, səni yanıma gətirəcəm.
Bir müddət sonra Laləni evimə gətirdim, bir neçə ay birlikdə yaşadıq. Mən hərbçi olduğum üçün evə az-az gəlirdim. Normal şəkildə həyatımızı yaşayırdıq.
Sonra Lalədə bəzi şeylər aşkarladım. Onu başqası ilə yazışanda tutdum və ondan soyudum. Amma sonra münasibətlər yoluna qoyuldu. Mart ayının 5-də hərbidən tərxis olundum. Lalə ilə ilyarım birlikdə yaşadığımız müddətdə heç bir problemlərimiz olmadı. Mart ayının 17-də yenə söz-söhbət oldu. Lalə evlərinə getmək istədiyini bildirdi. Mən də onu atasıgilin evinə göndərdim.
Bundan sonra Laləgil məndən şikayət etməyə başladılar. Lalə və anası bir neçə dəfə zəng edərək üzr istəyib, barışmaq arzularını bildirdilər. Mən artıq barışıq olmayacağını dedim”.
Ruslan bildirib ki, başında xırda qəlpələr var və o, açıq beyin travması keçirib: “Əsas problemlər başımdadır. Biz tanış olanda Lalənin 16 yaşı tamam olurdu. Laləgilin qohumlarından toya 6-7 nəfər gəlmişdi.
Lalənin ata-anası ayrılıb. Anasını saxlayan şəxs toyumuza gəlməmişdi. Mən 2023-cü ilin mart ayının 5-də tərxis olunmuşam. Hazırda Lalə ilə barışmamışıq. Lalə məndən şikayətçidir. Şərt qoyur ki, barışaq, şikayətini geri götürsün. Mənimsə səhhətimdə problemlər var. Neçə dəfə hospitallarda, psixiatrik xəstəxanada olmuşam. Həbs olunsam da, mənim barışmaq fikrim yoxdur. Lalə ilə ilyarım birlikdə yaşamışıq.
Lalənin anası mənə sonradan şər atmağa başladı. Lalə anamgilə yuxu dərmanı verərək yatdızdırıb, evə başqa şəxs gətirmək istəyib”.
Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Ruslana 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Ruslanın üzərinə Şəki Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı Şəki rayonunun kəndini tərk etməmək, Şəki rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxsin vəkili tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti, təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Dövlət ittihamçısı Ali Məhkəməyə ünvanlandığı protestdə Şəki Apellyasiya Məhkəməsinin qərarının ağırlaşdırıcı halların müəyyən edilməsi üçün ləğv edilməsini, işin hallarının yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini istəyib.
Daha yuxarı instansiyada dövlət ittihamçısının protestini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, protest təmin edilib və təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılması hallarının müəyyən edilməsi üçün cinayət işi yenidən araşdırılması barədə nəticəyə gəlinib. İş araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Hazırda Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasında bu iş üzrə məhkəmə araşdırması davam edir.