BAKI, 19 may. TELEQRAF

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Teleqraf bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.

Tərəflər arasında imzalanan sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Qeyd edilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıb.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu, həmçinin, müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün BTKI Dəmir Yolları MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır.

Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlib.