BAKI, 27 mart. TELEQRAF

2025-ci il oktyabrın 13-də başlayan istilik mövsümündən bu yana Avropa İttifaqı ölkələri anbarlardan 69 milyard kubmetrdən çox qaz çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilib ki, anbarlardan xalis çıxarış 60 milyard kubmetri ötüb ki, bu da yayda anbarlara vurulan həcmdən 5,7 milyard kubmetr çoxdur. Artıq fevralın ortalarında Aİ ölkələri yayda yığdıqları qaz ehtiyatlarını tam tükədərək əvvəlki illərdən qalan ehtiyatlardan istifadə etməyə başlayıblar.

Avropada qaz anbarlarının tutumuna görə aparıcı ölkələrdən biri olan Niderlandda 25 mart tarixinə ehtiyatlar 5,85%-ə enib. Bu, 2011-ci ildən bəri müşahidə edilən ən aşağı göstəricidir.

Qaz anbarlarının tutumuna görə digər aparıcı ölkələrdə isə ehtiyatların dinamikası fərqlidir. Almaniyada anbarlar 22,4%, Fransada isə 22,1% səviyyəsində doludur və hər iki ölkə artıq qaz vurulmasına başlayıb. Digər ölkələr isə ehtiyatlardan istifadəni davam etdirir: Avstriyada anbarlar 35,6%, İtaliyada 43,9% doludur.

Slovakiyada anbarların doluluq səviyyəsi 23,6%, Macarıstanda 33,1%, Çexiyada 29,2%, Rumıniyada 25,4%, Bolqarıstanda 35,5%, Belçikada 22,5%, Danimarkada 33,5%, Latviyada 22,2%, Xorvatiyada isə 15,8% təşkil edir.