BAKI, 11 iyul. TELEQRAF
Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və “Yaşayış minimumu haqqında” qanunun tətbiq edilməsi barədə 29 dekabr 2004-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərmana əsasən, nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirəcək.
Səlahiyyətli orqanlar isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olacaq.
Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, layihəyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən olunur.
Dəyişiklik ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.