XANKƏNDİ, 3 fevral. TELEQRAF
“Bu forum bizim üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, ilk forum 2 fevral 1996-cı ildə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdir. Aradan 30 il ötüb və bu il artıq forumun 11-cisini həyata keçiririk”.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gənclər və idman nazirinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Gənclərinin XI Forumu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bu forumlar ənənəvi xarakter daşıyır və onların hər biri ona görə əhəmiyyətlidir ki, burada Azərbaycanın bütün gənclər kateqoriyaları təmsil olunur. Forum çərçivəsində gənclər müxtəlif müzakirələrdə iştirak edir, peşəkar şəxslərlə görüşlər keçirir, növbəti 10 il üzrə gənclər strategiyasına dair təkliflər hazırlayır və yeni təşəbbüslər irəli sürürlər.
Birinci mərhələmiz Bakı şəhərində baş tutdu və rəsmi açılış mərasimi ilə başladı. Xüsusi olaraq qeyd etmək istərdim ki, açılış mərasimində cənab Prezident İlham Əliyevin gənclərə müraciəti səsləndirildi. Eyni zamanda 2026-cı il üçün gənclər üzrə Prezident mükafatları 10 gəncimizə təqdim olundu. Bu mükafatlar elm, təhsil, mədəniyyət, ictimai fəaliyyət, gənclər siyasəti, innovasiya və sahibkarlıq sahələrini əhatə edirdi.
“Azərbaycan gəncliyi mövzusunda strateji baxış və prioritetlər” adlı sessiya başladı. Bu sessiyada gənclər təşkilatlarının nümayəndələri, Gənclər evləri, region gəncləri, tələbələr, müxtəlif sahələr üzrə peşəkar gənclər, eləcə də təhsildə fərqlənən gənclər iştirak etdilər. Müzakirələr zamanı gənclər növbəti 10 il ərzində gənclər siyasətində hansı təşəbbüsləri və proqramları görmək istədiklərini, bu proqramların gənclərin inkişafına necə töhfə verə biləcəyini öz təklifləri ilə ifadə etdilər. Forumun Xankəndi sessiyalarında 400-ə yaxın gənc iştirak edir. Gənclərimiz burada keçirilən müzakirələrdə çox aktivdirlər. Onlar azad edilmiş ərazilərin yenidən qurulması, şəhərsalma və memarlıq sahəsində öz innovativ baxışlarını ortaya qoyurlar”, - deyə Axundova bildirib.