BAKI, 12 noyabr. TELEQRAF
“Bildiyiniz kimi, 2025–2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi Azərbaycan həyata keçirir. Bu da onun Gənclər Şurasının sədrliyinin də ölkəmizdə olması deməkdir”.
Teleqraf xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova AQEM Gənclər Şurasının 8-ci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi açılış mərasimi barədə bunları qeyd edib:
“Çox şadıq ki, bu gün burada 110 iştirakçını qonaq etmişik. Ümumilikdə 20-yə yaxın ölkə iştirak edir. Bu, indiyə qədər keçirilən tədbirlər arasında ən yüksək səviyyəli iştirak göstəricilərindən biri kimi qiymətləndirilir.
Gənclərimiz bu müddət ərzində dayanıqlı inkişaf mövzuları ətrafında müzakirələr aparacaqlar. Dayanıqlı inkişaf məqsədlərinə gənclər siyasəti prizmasından baxacaqlar. Forum çərçivəsində könüllülük hərəkatının liderlərinin forumu keçiriləcək. Həmçinin dayanıqlı inkişaf məqsədlərinə həsr olunan yan tədbir – gənclər panelində müzakirələr aparılacaq.
İki gün ərzində gənclərimiz bu müzakirələr nəticəsində gənclər siyasətində birgə imkanları dəyərləndirəcək, qarşılıqlı fikir mübadiləsi aparacaq və yeni dostlar qazanacaqlar. Forumumuz AQEM-ə üzv ölkələrin gənclər şəbəkəsinin platforması olaraq daha da möhkəmlənməsinə, eləcə də onlar arasında gələcəkdə yaxşı əlaqələrin qurulmasına töhfə verəcək.
Noyabrın 14-də nümayəndə heyətimiz qonaqlarla birlikdə Şuşa şəhərinə səfər edəcək. İstəyirik ki, bütün qonaqlarımız Şuşa ilə tanış olsunlar. Orada xüsusi proqram nəzərdə tutulub və həmin proqram başa çatdıqdan sonra tədbirimizi yekunlaşdıracağıq. Sabah isə həm könüllü liderləri forumu, həm də gənclərin “beyin fırtınası” müsabiqəsi keçiriləcək”.