
"Özünüz bilirsiniz, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu, o demək deyil ki, sondur. Rəqibə epizodlara verdik. Özümüz də böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Vəssalam! Gedəcəyik evə, çempionat matçına hazırlaşacağıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Neftçi" ardıcıl 2 oyundur ki, qalib gəlir, həm də qol buraxmır. Müdafiədə daha etibarlı görünürsüz. Nə dəyişib?
- Bura gələndən seriya əldə edə bilmirdik. Komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm indi ideal durumdayıq. Sadəcə çıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən ideal oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx oynamaq, müdafiədə bir-birini sığortalayaraq oynamaqdır. Bunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. "Kəpəz"ə qarşı bu gün oynadığımız matçı da ora daxil etmək mümkündür. Çıxış yolu tapmalıyıq.
- Növbəti mövsüm Premyer Liqada komanda sayı artırıldı, legioner limiti ləğv edildi. Bu qərarlara münasibətiniz necədir?
- Bu haqda deyilməyəndə mən danışmışdım. Hətta, o vaxt jurnalistlər deyirdilər ki, bəs, Samir Abasov belə şeylər dedi. Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adam idi. İndi isə belə qərar çıxdı. Dünən Tovuza qatarla yol gəlmişik. Eyni adamlar yenə yanımda bu haqda danışırdılar. İnanın ki, bu söhbətlərə qoşulmadım, bu haqda fikirləşmədim belə. O qədər işimiz var ki, başımızdan aşıb-daşır. Kubok görüşləri, çempionat oyunları...Bu söhbətlər necə olacaq, yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəm də. Hansı qərar çıxacaqsa, ona uyğun da hərəkət edəcəyik.