BAKI, 13 mart. TELEQRAF
Bakının Səbail rayonu ərazisində yerləşən gecə klubunda turistlərə zor tətbiq etməklə soyğunçuluq edən şəxslər həbs olunub.
Teleqraf-ın əldə etdiyi məlumatına görə, hadisə "Enjoy Club"da baş verib.
Məlumata görə, Böyük Britaniya və Şimali İrlandiyadan olan turistlər əylənmək üçün sözügedən kluba yollanıblar. Onlar iki ədəd “Coca-Cola" və iki qədəh spirtli içki sifariş veriblər.
Bu zaman klubda rəqqasə kimi fəaliyyət göstərən qadınlar həmin turistlərə yaxınlaşıb. Klubun işçiləri olan qadınlar içkilər və pirotexniki maddələr (fişəng) sifariş verilməsini təşkil etməklə turistlərə aidiyyəti olmadığı halda həmin sifarişləri müştərilərin hesabına daxil etdiriblər.
Klub işçilərinin özbaşına sifarişi nəticəsində turistlərə əlavə 500 manat, ümumlikdə 800 AZAN hesab gəlib.
Turistlərin narazılığından sonra müştərilər "Enjoy Club"un müdiri və mühafizəçiləri tərəfindən obyektin ikinci mərtəbəsindəki qəlyan hazırlanması üçün nəzərədə tutulmuş otağa aparılıb. Onlar burada müştərilərə zor tətbiq edərək zərərçəkmişlərdən 500 manat pulu alıb açıq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq ediblər.
Polisin araşdırması nəticəsində "Enjoy Club"un müdiri Emil Həsənov və mühafizəçilər Rasət Camalovla Vüsal Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə Emil Həsənov 3 il 6 ay, mühafizəçilərin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.