BAKI, 2 sentyabr. TELEQRAF

Ağdam rayonunda 36 yaşlı kişi sosial şəbəkədə söyüş söydüyü üçün cərimələnib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bu il avqustun 28-də Quzanlı qəsəbəsində baş verib.

Həmin gün saat 21:00-da qəsəbədə “Dərə” adlı ictimai iaşə obyektində bir nəfərin ictimai asayişi pozması ilə bağlı polisə məlumat daxil olub.

1989-cu il təvəllüdlü Müslüm Babayev (ad-soyad şərtidir – red.) sərxoş vəziyyətdə kafedə sosial şəbəkə vasitəsilə canlı yayım açaraq nalayiq ifadələr işlədib və ətrafdakı şəxslərin narahatlığına səbəb olan davranışlar sərgiləyib.

Polis əməkdaşlarının hadisə yerinə gəlməsinə baxmayaraq, həmin şəxs qanuni tələblərə tabe olmayıb. O, polis əməkdaşlarının müdaxiləsi ilə saxlanılıb və Ağdam Rayon Polis Şöbəsinə aparılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada protokol tərtib olunub.

Məhkəmədə ifadə verən təqsirli bilinən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həmin gün saat 21:00-da “Dərə” adlı kafedə tək əyləşərək spirtli içki qəbul edib: “Bu vaxt tanımadığım nömrədən zəng gəldi. Zəngə cavab verdiyim zaman səbəbsiz yerə məni təhqir etdi. Bu səbəbdən əsəblərimə hakim ola bilmədim, uca səslə nalayiq ifadələr işlətdim. Hadisə yerinə gələn polis əməkdaşları məni nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələblərə tabe olmadım, ictimai qaydanı kobud şəkildə pozdum”.

Təqsirli bilinən şəxs ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Ağdam Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 150 manat cərimə olunub və sərbəst buraxılıb.