FÜZULİ, 19 avqust. TELEQRAF

Füzuli rayonunda 16 yaşlı yeniyetmənin beton kanalda batmasından 55 gün keçməsinə baxmayaraq, onun meyiti hələ də tapılmayıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batıb.

Hadisədən sonra ailənin müraciəti ilə kanalda suyun səviyyəsi endirilib və Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Lakin bütün səylərə baxmayaraq, nəticə əldə olunmayıb və iyulun 19-dan etibarən axtarışlar dayandırılıb.

Nihad Nağızadə bu il təhsil aldığı qəsəbə məktəbində 10-cu sinfi bitirib. Onun atası Vüqar Nağızadə Füzuli Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Briqadasında həkim kimi çalışır.

Vüqar Nağızadə bildirib ki, kanal boyunca 20 gün axtarış aparılsa da, dərin tunel hissəsində suyun çoxluğu səbəbindən orada lazımi şəkildə baxış keçirilməyib. O, bir daha aidiyyəti qurumlara müraciət edərək, suyun qarşısının kəsilməsi və tunelə baxış keçirilməsi üçün yardım göstərilməsini xahiş edib.