BAKI, 12 avqust. TELEQRAF

Vətəndaş Rauf Mirzəyev Abşeron xəstəxanasının tabeliyindəki Qobu Ailə Sağlamlıq Mərkəzinə 8 gündür çağırış verdikləri halda xəstəyə baxmaq üçün həkim göndərilmədiyini iddia edib.

R.Mirzəyev Teleqraf-a məsələ ilə bağlı şikayət edərək anasının müayinəsi üçün sözügedən xəstəxananın həkimi Könül Ələsgərovanın 30 AZN ödəniş tələb etdiyini bildirib.

İddialarla əlaqədar Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, vətəndaş Rauf Mirzəyev avqustun 2-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun qəbulunda olub.

Qeyd edilib ki, avqustun 4-də yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.

"Avqustun 5-də isə vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə olunub. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.

Avqustun 8-də növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib", - məlumatda vurğulanıb.