GORANBOY, 25 iyul. TELEQRAF
Goranboy rayonunda ana və nənənin öldürülməsi ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev 1978-ci il təvəllüdlü anası Lalə İsmayılovanı qısqanclıq zəminində qətlə yetirib.
Ana ilə oğul arasında bir neçə dəfə mübahisə düşüb. Hadisə baş verən gün gecə saatlarında ana ilə oğul yenidən dalaşıb. Nəticədə S.Abdullayev anasına boğaz və kürək nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi, 1948-ci il təvəllüdlü Tamella İsmayılova onları ayırmaq istəyib. Daha sonra ətrafdakı qonşuları köməyə çağırmağa çalışsa da, nəvəsi qoca qadına da bıçaqla xəsarət yetirib.
Bıçaq zərbəsi alan hər iki qadın hadisə yerində ölüb. Keçirilən əməliyyatla S. Abdullayev saxlanılıb.
Məlumat üçün bildirək ki, Lalə İsmayılova ailəsindən ayrılıb və anası ilə yaşayırmış. Onun qətlində şübhəli bilinən S.Abdullayevlə yanaşı, daha bir oğlu da var.
Qadın uzun müddət Goranboy Rayon Mənzil Kommunal Təsərrüfatı İsatehsalat Birliyində sahə rəisi kimi çalışırmış.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***
09:43
İyulun 25-də gecə saat 2 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.