BAKI, 14 may. TELEQRAF

Mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf-a Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

***

12:26

Kürdəmirdə qadının ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-ü saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür", - məlumatda qeyd olunub.

***

10:59

Kürdəmir rayonunda 38 yaşlı qadın xəstəxanada ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 13-də 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayevanın apendisitlə Kürdəmir rayon mərkəzi xəstəxanasına müraciət edib. O, Rəşad adlı həkim tərəfindən əməliyyat edilib və daha sonra ölüb.