Füzulidə keçmiş məhkumdan "Kalaşnikov" avtomatı aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb.

Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilib.

Həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Füzuli rayon polis şöbəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.