Cəbrayıl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb. Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cəbrayıl rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Moqbaliyev sonuncunun idarə etdiyi “Opel “ markalı avtomobildə saxlanılıblar.

Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.