BAKI, 20 noyabr. TELEQRAF
Bir ay əvvəl Samirə Əfəndi Qazaxıstanda keçirilən jüri kimi qatıldığı musiqi yarışmasında huşunu itirmişdi. Açığı, ondan çox narahatam. İlkin qənaətimə görə, Alzheimer xəstəliyindən əziyyət çəkir, yaddaş, düşüncə, idrak davranışında problemlər var.
Yoxsa, Azərbaycanı münsif kimi təmsil etdiyi Qazaxıstanda Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xalı verdikdən sonra onu doğması kimi bağrına basmasının başqa izahı yoxdur.
Həkim deyiləm, mən də xəstəyəm - amma ermənilərin dərin yaralar buraxdığı, Prezident İlham Əliyevin hətta qələbədən sonra da dediyi “Heç kim bu vəhşiliyi unutmamalıdır” cümləsində vəhşiliyə məruz qalan bir milyonu ötən azərbaycanlıdan biriyəm.
Evi dağıdılmış, didərgin salınmış, uşaqlıq yaşamamış, doğmalarını 18 yaşında şəhid vermiş və onları son mənzilə yola salarkən portretini bağrına basan biri...
İndi Samirənin bağrına basdığı erməninin nəsil-əcabətinin atdığı güllə ilə şəhid edilən 18 yaşında uşağın şəklini bağrına basan biri bunu necə normal qarşılasın, necə haqq qazandırsın və necə cəmiyyətə prosesə uyğun addım kimi təqdim etsin?
Axı bu ölkənin az qala hər küçəsində, hər tinində, hər dalanında bir şəhid evi, onun darvazasından asılmış bir bayraq var...
Hamı bilir də, sülh olacaq. Münaqişə başa çatıb, Ermənistan ağ bayraq qaldırıb, Azərbaycan da ərazi bütövlüyünü bərpa edib və ABŞ-də də bununla bağlı tarixi görüş keçirilib, prosesə uyğun addımlar da atılır.
Kim istəyir ki, müharibə olsun?
30 ildir bar-bar bağırırıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Amma zəmin elə gətirdi ki, müharibə qaçınılmaz oldu. Və verdiyimiz şəhidlərin qanı hesabına gələcək nəsillərə problemli münaqişəni miras qoymadıq.
Ola bilər, Samirə tapşırığa uyğun hərəkət edib. 12 balı özbaşına verməyib, bəlkə də tolerantlıq nümayiş etdirib. Amma qucaqlaması, ermənini bağrına basması özbaşınalıqdır.
Əksini düşünənləri Şəhidlər, 2-ci Fəxri Xiyabana, oğlunun, həyat yoldaşının, atasının soyuq məzarını bağrına basanları kənardan izləməyə dəvət edirəm.
Yaddaş zəifliyindən əziyyət çəkənlərin problemi isə həkimlə, dərmanla düzələn məsələ deyil. Bu, daha çox mənəviyyatla bağlıdır.
Siz nə edirsiniz, əfəndilər?.. Əfəndi qalın, Əfəndi kimi davranmayın!..