MİNGƏÇEVİR, 27 iyul. TELEQRAF

"Anam son nəfəsində də oğlunu axtarırdı. Natiqi çağıra-çağıra gözlərini əbədi yumdu".

Bunu Teleqraf-ın Qərb bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsinin itkin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.

O bildirib ki, anasının ən böyük arzusu oğlu Natiqin taleyinə aydınlıq gətirilməsi idi:

"Anam Natiqin həsrəti ilə dünyasını dəyişdi. Yeganə arzusu o idi ki, oğlunun düşmənə əsir düşəndən sonrakı taleyini öyrənsin, öldüyünü, qaldığını, harada basdırıldığını bilsin, qalıqları tapılsın, məzarı olsun. Təəssüv ki, buna ömrü çatmadı. Gözləri yollarda qala-qala vəfat etdi".

Nofəl Qasımov söyləyib ki, uzun müddətdir anasının səhhətində problem vardı: "Müalicələr effekt vermədi".

O, bütün ailəsi, o cümlədən anası üçün təsəlli sayılan hadisədən də danışıb:

"Anam ən azından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Natiqə Milli Qəhraman adının verilməsini gördü. Bu, onun üçün böyük təsəlli idi".

Qeyd edək ki, Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova iyul 27-də 83 yaşında vəfat edib. Mərhum sabah Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Natiq Qasımov 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.

Natiq Qasımov beş gün ac-susuz qalsa da, Azərbaycan bayrağını əlindən buraxmayıb.

Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Natiq Qasımov Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.