BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsinin 32-cü ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs dağ mağaralarında gizləndikləri yerdə aşkar edilərək amansızcasına qətlə yetirilib. Onlar kəndlərinin dağıdılmasından sonra 18 gün həmin mağaralarda sığınacaq tapmağa çalışıblar. Daha 14 nəfər isə girov götürülüb.

Bu qətliam Ermənistanın azərbaycanlıları tarixi torpaqlarından qovmağa və ərazi iddialarını irəli aparmağa yönəlmiş uzunmüddətli etnik təmizləmə, terror və təcavüz siyasətinin bir hissəsi olub.

Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla anır, insanlığa qarşı bu cür cinayətlərin heç vaxt unudulmaması və cəzasız qalmaması gərəkdiyini bir daha bəyan edirik",- paylaşımda qeyd olunub.