Ermənistan cəmiyyətində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı tərəflərin razılığa gəlməsi, Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ciddi gərginliyə gətirib çıxarıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistanda revanşist qüvvələr, kilsə və digər bu cür ultra təmayüllü qruplar hesab edirlər ki, bu kəndləri Azərbaycana qaytarmaq olmaz, Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır:

“Çünki bu kəndlərin ərazisindən Ermənistanı Gürcüstanla bağlayan əsas magistral yol keçir. Ona görə Ermənistanda buna münasibət fərqlidir və Paşinyan hakimiyyətinə etirazlar burdan qaynaqlanır. Bu etiraz aksiyalarının başında kilsə dayanır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib və sərhədlərin delimitasiya-demarkasiya olunması ilə bağlı razılıq əldə olunub. O cümlədən sülh müqaviləsi üzərində iş davam edir. Zəngəzur dəhlizi ilə bağlı da addımların atılması gözlənirlir ki, bütün bunlar tərəflər arasında etimad mühitini artıran faktorlardır. Təbii ki, bu məsələlər tam həllini tapmayana qədər fərqli baxışlar, fikirlər olacaq.

Gürcüstanı Ermənistanla bağlayan yolun bizim ərazidən keçməsi və hazırda ona Azərbaycanın nəzarət etməsi həm fiziki, həm müşahidə baxımından bizə ciddi üstünlüklər verir. Əgər Ermənistan konstruktiv davranarsa, qeyd olunan şərtlər əsasında beynəlxalq hüquq və ədalət prinsipinə uyğun Azərbaycanın təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalanarsa və gələcəkdə də ölkələr arasında qarşılıqlı etimad artarsa, bunun Ermənistanın təhlükəsizliyinə hansısa zərəri olmaz. Azərbaycan keçən ilin payızında üçlü format yaradılmasını təklif edib. Yəni Azərbaycan, Gürcüstan, Ermənistanın iştirakı ilə Güney Qafqaz cümhuriyyətlərinin əməkdaşlıq formatını təklif edir. Belə olacağı halda hansısa təhlükədən söhbət getmir. Əgər Ermənistanda bu cür Azərbaycana ərazi iddiaları davam edərsə, faşist, revanşist düşüncə hələ də üstünlük təşkil edərsə, təbii ki, bu da Azərbaycanın adekvat münasibətinə səbəb ola bilər. Ermənistan üçün həmin yollardan istifadə çətin olar. Beynəlxalq əhəmiyyətli kommunikasiyalara nəzarətimizin olması bizə ciddi üstünlüklər verilir. Amma biz bu üstünlüyü əməkdaşlıq formatına çevirmək istəyirik. Bundan hansısa formada təzyiq vasitəsi kimi istifadə etmək istəmirik. Bu da təbii ki, Ermənistan tərəfindən asılı olacaq”.

Oqtay Qasımov sərhəd xətlərinin müəyyən edilməsindən sonra əraziyə sərhədçilərin yerləşdirilməsi prosesinin başlanması məsələsinə də toxunub:

"Bu, gərginliyin azaldılması üçün vacib addımlardan biridir. Çünki orada ordu birləşmələri geri çəkilib və sərhəd qoşunları yerləşir. Bu o deməkdir ki, həmin ərazilərdə sərhədlər tam şəkildə müəyyənləşdirilib, demarkasiya olunub. Artıq hər iki tərəfdən orada sərhəd qoşunları dayanırlar. Bu o deməkdir ki, orada hansısa mübahisəli məsələ yoxdur. Bu həm gərginliyin azaldılması, həm də etimad mühitinin işlədilməsi üçün vacib addımdır”.