Ermənistan Rusiyadan inciyib, İrəvan bundan istifadə edərək ondan daha çox kömək almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Ermənistanla Rusiya arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya ilə Ermənistan arasında söz davası yenə qızışıb, qarşılıqlı ritorika sərtləşib. Amma mən öz fikrimdə qalıram: Ermənistan Rusiyaya göbəyindən yox, boğazından bağlıdır. Göbək bağını kəsmək olar, amma boğazdan bağlı olanda nə qədər çox çırpınsalar, bir o qədər çox boğulacaqlar. Ona görə də, Ermənsitan küskündür, inciyib, Kremlə inamı sarsılıb, amma gedəcək başqa yeri yoxdur. Ermənistan sadəcə bu inciklikdən istifadə edərək daha çox kömək və dəstək qazanmağa çalışır.

Onu da deyim ki, Ermənistanda belə bir anti-Rusiya ovqatını yaradan bir amil də Azərbaycanın Türkiyə ilə qurduğu müttəfiqlik əlaqələri oldu. Kremli neytrallaşdıran həmlələr nəticə etibarilə Rusiyanı Cənubi Qafqazda xeyli zəiflətdi. Ermənistan da ayıldı, illərdir Moskvaya təhvil verdikləri təhlükəsizlik konsepsiyasının dağıldığını gördü”.

Natiq Cəfərlinin fikrincə, hələlik İrəvanın Kremldən qopması mümkün deyil, amma Moskvanın Cənubi Qafqazda zəiflədiyi artıq faktdır.

“Azərbaycan dövləti olaraq Rusiya-Ermənsitan münasibətlərinə aydın mövqeyimiz belə olmalıdır ki, özünüz bilərsiz, xətanızı bizdən uzaq edin, sizin ailəiçi davanızda biz yoxuq, bir-birinizi sevsəniz də, boğsanız da bizə bunun isti-soyuğu yoxdur. Kreml İrəvana cəza kəssə də özü bilər, sevsə də – biz bu işdə yoxuq”, - partiya funksioneri vurğulayıb.