Rusiyanın Ermənistanla münasibətlərdə niyyətinin səmimiliyinə dair şübhələrin tarixi cavabı var. Rusiya dəfələrlə onun köməyinə gəlib, onu müdafiə edib, axan qanı dayandırmaq üçün səy göstərib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya rəsmisi ölkəsinin Ermənistanın hərbi müdafiəsindəki dəstək və yardımlarına diqqət çəkib.

“Ermənistanda kiminsə bizim niyyətimizin səmimiliyi ilə bağlı sualları varsa, məncə, tarixi cavabı var. Ermənistanı müdafiə edən oğlanlarımızın sayı... Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin özü dəfələrlə regionda axan qanı dayandırmaq üçün yardım edib”, - Zaxarova bildirib.

Rusiyalı diplomat Ermənistandan çoxlu sayda qaçqın qəbul etdiklərini, bu ölkəyə maddi-iqtisadi yardım göstərdiklərini də xatırladıb.

“İstəmirik ki, onlar informasiya texnologiyaları, aqressiv ritorika hesabına Ermənistan xalqına anti-Rusiya gündəmi sırısınlar. Həmişə sizin yanınızda olacağıq, həmişə kömək edəcəyik, Ermənistan və o ölkənin xalqına həmişə açıq ürəklə, təmiz ruhla yanaşacağıq”, - Zaxarova vurğulayıb.