Ermənistan 1990-cı illərdə Birinci Qarabağ Müharibəsində Rusiyanın dəstəyi ilə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
“Ermənistan Avropadır” - bu, Nikolun illər əvvəl söylədiyi, indi isə reallaşdırmağa başladığı və ağır nəticələrə səbəb olan yeni şüarıdır. Bu şüarların (Gürcüstan, Moldova və Ukraynada) necə bitdiyini hamımız yaxşı bilirik. Bizim üçün də necə bitəcəyini indidən təxmin edə bilərik”, - ekspert bildirib.
Ovannisyan qeyd edib ki, bu yol Rusiya ilə qarşıdurma və onun ağrılı sosial-iqtisadi (ən azı) nəticələri ilə bitəcək:
“Avropa bizim düşmənimiz deyil, Avropa hazırda Rusiyanın düşmənidir, amma biz Avropa-Rusiya münaqişəsinin yeni məkanına çevrilə bilərik. Sözün hərfi mənasında bomba və raketlərin yağdığı məkana. Müasir dövrdə ölkələr müharibələri proksi ərazilərdə aparmağa üstünlük verirlər.
Bu gün ABŞ və Avropa Birliyi ilə Rusiya arasındakı münaqişənin yeni döyüş meydanına çevrilmək üçün hər cür səy göstəririk. Avropanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün heç bir rıçaqları yoxdur. Nəhayət, bizi Avropada heç kim gözləmir. Sadə dillə desək, bizi Ukrayna kimi gözləyirlər.
1991-ci ildən Ermənistanın Avropa ilə yaxşı inkişaf etmiş əlaqələri var. Levon Ter-Petrosyanın dövründə Ermənistanla Rusiya arasında ən mühüm sənəd imzalandı, Rusiyanın dəstəyi ilə Qarabağ müharibəsində qalib gəldik, Qərblə münasibətlərimiz də inkişaf edirdi”.
Politoloq Kremlin öz əlaltıları Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyətləri dönəmində də Ermənistana etdiyi böyük maddi və hərbi yardımları xatırladıb. Ovannisyan o amilə diqqət çəkir ki, Nikol Paşinyan Kremlin maraqlarına uyğun olmadığına görə onu cəzalandırmaq istəyir, Köçəryan və Sərkisyan da maraqlarına uyğun olduqları üçün onların Azərbaycana qarşı işğalçılıq siyasətlərinə dəstək verib.